İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı təsdiq edildi

21 Sentyabr 2016 - 12:46 | Mühüm hadisələr
İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı təsdiq edildi

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

PROQRAM

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2016-cı il.