IBM Watson "ağıllı" evin "beyni" olacaq

07 Sentyabr 2016 - 15:29 | Texnoloji yeniliklər
IBM Watson "ağıllı" evin "beyni" olacaq

“IBM”in koqnitiv platforması məişət texnikalarının imkanlarını genişləndirəcək

Televiktorinalarda öz intellekti ilə insanlara qalib gələn və onkoloqların işində onlara köməklik edən “IBM Watson”un  koqnitiv platformasında yeni tətbiq sahəsi  - “ev” yaradılıb. Bu haqda məlumatı şirkət nümayəndələri Berlində IFA konfransı zamanı elan ediblər.

IBM yeni təşəbbüs çərçivəsində məişət texnikası sahəsi ilə məşğul olan “Whirlpool”, televizor və kamera istehsalçıları olan “Panasonic” şirkəti, o cümlədən “ağıllı” naqilsiz “Bragi” qulaqcıqlarının yaradıcıları  ilə əməkdaşlıq edəcək.

computerworld.ru saytının məlumatına görə, “Watson” məişət texnikalarını yeni imkanlarla təmin edəcək. Belə ki, paltaryuyan maşın quruducuya yeni yuyulmuş paltarlar üçün hansı proqramı seçmək lazım olduğunu bildirəcək və ya sahibindən bitdiyi təqdirdə yeni yuyucu vasitə  sifariş etməyi "xahiş edəcək". Naqilsiz qulaqcıqlar isə Watson-un sayəsində istifadəçiyə istismar üzrə təlimatları ucadan oxumaqla yanaşı, həm də şəxsin əlləri məşğul olduqda və zəruriyyət yarandıqda mətni lazımi dilə tərcümə edə biləcək.

Bundan əlavə, Watson-a IBM və Nokia/Withings-in birgə layihəsi çərçivəsində xəstə və qocalar üçün ev müşahidəsinin təşkili məqsədilə tibbi cihazlar qoşmaq nəzərdə tutulur.