Məhv olan mərcan rifləri 3D-printer vasitəsilə bərpa ediləcək

07 Sentyabr 2016 - 10:00 | Maraqlı məlumatlar
Məhv olan mərcan rifləri 3D-printer vasitəsilə bərpa ediləcək

Karib dənizi adalarına daxil olan Bonayre adası uzun müddətdir ki, mərcan riflərinin yox olmaq təhlükəsi ilə rastlaşıb.

hi-news.ru saytının məlumatına görə, 3D-çap texnologiyası sayəsində ada ətrafında olan mərcan riflərinin bərpasına başlanılıb. Bu məqsədlə, süni mərcanların istehsalı üçün kimyəvi tərkib və tekstura baxımından oxşar xammaldan istifadə etməklə üçölçülü çap texnologiyasından istifadə olunub. Çap olunmuş mərcanlar polip, yosun, yengəc və balıqları cəlb etməyə kömək edəcək.

Mərcan riflərinin “dəniz tropik meşəsi” və “sualtı bağ” adlandırılması təsadüfi deyil, çünki onlar bir çox dəniz heyvanları və bitki növlərinin yaşayış yeri olmaqla planetimizin ən müxtəlif ekosistemlərindən birini təşkil edirlər. Son 30 il ərzində mərcan riflərinin sahəsi əhəmiyyətli dərəcədə azalıb. Tədqiqatçılar bildirirlər ki, belə davam edərsə, 2030-cu ilədək bəzi riflər iqlim dəyişikliyi və digər səbəblərdən tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər.

Qeyd edək ki, əslindən o qədər də fərqlənməyən mərcan rifi yaratmağa imkan verən üçölçülü çap vasitəsilə mərcanın daxilində tunel və mağaralar edərək istənilən formanı əldə etmək mümkündür.