“Ağıllı” döymə ilə mobil qurğuları idarə etmək mümkündür

15 Avqust 2016 - 12:30 | Texnoloji yeniliklər
“Ağıllı” döymə ilə mobil qurğuları idarə etmək mümkündür

“Microsoft” korporasiyasının tədqiqat bölməsi və “MIT Media Lab” mütəxəssisləri smartfonu idarə etməyə və müxtəlif informasiyanı ötürməyə imkan verən unikal döymə hazırlayıblar.

hi-tech.mail.ru saytının məlumatına görə, “DuoSkin” adlı rəqəmsal döymənin köməyilə dərinin səthində kompüterləri və ya mobil qurğuları idarə etmək üçün kiçik sensor panel yaratmaq olar.

Elektron döymə sahibinin bədən temperaturundan və ya emosional vəziyyətindən asılı olaraq rəngini dəyişə bilir. Həmçinin onu kiçik həcmli informasiyanın saxlanılması üçün istifadə etmək mümkündür.

Dərinin səthində 1 həftəyədək qalan “ağıllı” döymə nazik qızıl örtükdən hazırlandığına görə hələ ki, kütləvi istehsal üçün əlverişli deyil.