İstənilən təsviri “canlandıran” onlayn xidmət istifadəyə verilib

15 Avqust 2016 - 10:00 | Maraqlı məlumatlar
İstənilən təsviri “canlandıran” onlayn xidmət istifadəyə verilib

Peşəkar fotoqraf Troy Plota və proqramçı Saşa Şnayder tərəfindən yaradılmış alqoritmlər öncədən müxtəlif rakurslardan çəkilmiş şəkillər və ya videomateriallar olmadan statik təsviri “canlandıra” bilir.

“Plotagraph Pro” adlı yeni onlayn xidmət hazırda açıq beta-test mərhələsindədir. İdeya müəllifləri texnologiyanın yalnız fotoqrafiya sahəsində deyil, həm də film istehsalı, reklam və s. kimi sahələrdə tətbiq edilə biləcəyini söyləyiblər. Belə ki, “Coca-Cola”, “Pepsi” və “Chevrolet” şirkətləri artıq yeni layihə ilə maraqlanıblar.

nanonewsnet.ru saytının məlumatına görə, onlayn xidmətdən istifadə etmək üçün plotagraphpro.com/beta internet ünvanına daxil olaraq fotonu sayta yükləmək, istifadə olunacaq deformasiya tipini göstərmək, zəruri olduqda rəngi korrektə etmək kifayətdir. Nəticədə animasiyalaşdırılmış təsvir əldə olunacaq ki, onu GIF, MP4 və ya MOV formatlarında yaddaşda saxlamaq mümkündür.

Layihənin veb-saytında 299 dollar məbləğində ödəniş etdikdən sonra bu xidmətdən istifadə etmək olar. “Plotagraph Pro”nun rəsmi “Instagram” səhifəsində hazır fotoşəkillərlə tanış olmaq mümkündür.