“Samsung” şirkəti Nyu-Yorkda keçirilən “Unpacked 2016” konfransında yeni flaqman smartfonunu təqdim edib.
“Galaxy Note7” 4 Gb əməli və 64 Gb daxili yaddaşa malikdir və 12 meqapiksellik kamera ilə təchiz olunub. 5,7 düym diaqonallı ekranı “Gorilla Glass” şüşəsi müdafiə edir.
Sukeçirməz smartfonu digər modellərdən fərqləndirən əsas xüsusiyyət onun gözün qüzehli qişası üçün skanerə malik olmasıdır. Sözügedən skaner parolu əvəz edir və ödənişlərin həyata keçirilməsi zamanı istifadə olunur.
tech.onliner.by saytının məlumatına görə, bu kimi skanerlərə “Windows” əməliyyat sistemi ilə işləyən “Lumia 950” smartfonu və bəzi noutbuklarda rast gəlmək olar. Lakin “Samsung” mütəxəssisləri üzərində 5 il çalışdıqları sistemin mükəmməl olduğunu iddia edirlər. Bundan başqa, skaner yalnız smartfonun sahibi üçün əlçatan olan gizli qovluqlar yaratmağa imkan verir.
Smartfonun “S Pen” stilusunu da suyun altında istifadə etmək olar. Daha həssas olan qələm təkmilləşdirilib və yeni proqram imkanları təqdim olunub.
Avqustun 19-da satışa çıxarılacaq “Galaxy Note7” artıq ilkin sifariş üçün əlçatandır. “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə işləyən yeni smartfonun qiyməti təxminən 800 ABŞ dolları təşkil edir.