Pasiyent haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb

26 İyul 2016 - 10:00 | Texnoloji yeniliklər
Pasiyent haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb

ABŞ alimləri yaranı sağaltmağa kömək edən və pasiyentin vəziyyəti barədə informasiyanı kompüterə ötürən cərrahi tikiş materialının prototipini hazırlayıblar.

tass.ru saytının məlumatına görə, parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Bu kimi nanoölçülü sensorlar qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilir.

Mütəxəssislər bildirirlər ki, bu məlumatları simsiz üsulla istənilən qəbuledici qurğulara, məsələn, smartfon və ya kompüterlərə real vaxt rejimində göndərmək mümkün olacaq.

Tədqiqat iştirakçılarından biri, nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, bu kimi “ağıllı” tikiş materialları və bintlər dərinin sağalmasını izləməyə imkan verəcək, eləcə də onlardan sağlamlıq vəziyyətinin monitorinqi üçün istifadə etmək mümkün olacaq.