İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi

28 Fevral 2014 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. 

AMEA Kibernetika İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Qorxmaz Əfəndiyev informatika elminin nəzəri və praktiki əsaslarına aid “Elmi informatika” kitabının hazırlanması ilə bağlı görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, əsas məqsəd tələbə, tədqiqatçı, müəllim və digər ixtisas sahibləri üçün zəruri olan informatika sahəsinə aid məlumatların bir kitabda toplanması və nəşr edilməsidir. 

Q.Əfəndiyev bildirdi ki, yeni kitabda informatikanın predmeti, əsas anlayışları, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi məsələləri, informasiya texnologiyalarının tətbiqinin nəzəri və praktiki əsasları, elmmetriya və digər məsələlər öz əksini tapacaq. 

Yeni nəşrdə, həmçinin elmi tədqiqat işlərində informasiya texnologiyalarının rolu, informasiyanın forma və məzmununa görə xüsusiyyətləri, İnternetin tənzimlənməsi problemləri, intellektual hüquqi informasiya sistemləri, elektron imza, geoinformasiya sistemləri, proqram mühəndisliyi, elmmetriyanın yaranma tarixi və s. ilə bağlı geniş məlumatlar veriləcək. 

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar imamverdiyev "E-dövlət mühitində informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsinə yanaşmalar" mövzusunda məruzəsini təqdim etdi. Risklərin idarə edilməsi sahəsində əsas anlayışlar, maliyə riskləri və texnoloji risklərin analizinə əsas yanaşmalar haqqında məlumat verdi. 

Y.İmamverdiyev informasiya təhlükəsizliyi risklərinin əsas faktorları və onların qiymətləndirilməsi üsullarını təhlil edərək, keyfiyyət və kəmiyyət metodlarının üstün cəhətlərini, xarakterik nöqsanları diqqətə çatdırdı. O, e-dövlət miqyasında informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsində meydana çıxan əsas problemlər haqqında məlumat verdi, makro-səviyyəli kritik risklərin riyazi modelləşdirilməsi və onların ehtimal xarakteristikalarının müəyyən edilməsinə yanaşmalardan söz açdı. 

E-dövlətin qarşılıqlı əlaqəli və qarşılıqlı asılı komponentləri arasında risklərin yayılması prosesinin baş verdiyini və e-dövlət komponentləri arasındakı güclü müsbət əks-əlaqə nəticəsində kiçik risklərin də güclənməsi imkanlarının mövcud olduğunu vurğulayan məruzəçi, bu baxımdan informasiya təhlükəsizliyi risklərinin yayılması modellərinin işlənilməsinin aktuallığını nəzərə çatdırdı. 

Sonda hər iki məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual, irad və təkliflər səsləndirildi.