Mətbuat Şurası «Onlayn-media: peşəkarlıq və məsuliyyət» mövzusunda «dəyirmi masa» keçirib

03 Mart 2014 - 10:37 | Konfranslar, İclaslar
Mətbuat Şurası «Onlayn-media: peşəkarlıq və məsuliyyət» mövzusunda «dəyirmi masa» keçirib

Azərbaycan Mətbuat Şurasında «Onlayn media: peşəkarlıq və məsuliyyət» mövzusunda «dəyirmi masa» keçirilib. 

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayan mediaya keçid prosesində mövcud olan bir sıra problemlərdən danışıb. Ə.Amaşov Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb. O, ötən illərlə müqayisədə İnternet-media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayının çoxalmaqda olduğunu qeyd edib. Ə.Amaşov Şuranın nəzdində İnternet-media resursları üzrə Komissiyanın, İdarə Heyətinin tərkibində İnternet-medianı təmsil edən şəxslərin fəaliyyət göstərdiyini bildirərək onlayn-media məkanında mövcud problemlərin həllinin Azərbaycanda İnternet-jurnalistikanın inkişafında mühüm amillərdən olduğunu söyləyib. 

Azərbaycanda əhalinin 70 faizindən çoxunun İnternet istifadəçisi olduğunu vurğulayan Ə.Amaşov dünyanın bir sıra ölkələrində xəbər portallarının dövlət qeydiyyatının aparıldığını diqqətə çatdırıb. MŞ sədri eyni zamanda xəbər saytlarının dövlət tərəfindən müəyyən yardımlar əldə etməsinin mümkünlüyündən də söz açıb: «Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq». 

MŞ-nin İnternet-media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov çıxışında əsasən İnternet təhlükəsizliyi ilə bağlı məqamlara toxunub. O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir ki, təhlükəsizliklə bağlı hər hansı problem yarandığı halda İnternet xəbər portallarının rəhbərləri mərkəzin 1654 nömrəsinə zəng edib problemlərini çatdıra bilərlər. E.Baimov Mətbuat Şurasının həmin mərkəzlə birgə xəbər saytlarının server və şəbəkə administratorları, proqramçılar üçün təlimlərin təşkilini də nəzərdə tutduğunu qeyd edib. 

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət İnternet-media resurslarında xəbərlərin keyfiyyət göstəricilərinin aşağı olduğunu bildirərək xəbər portallarında qrammatik səhvlərin də həddən artıq çox olduğunu söyləyib: “Bu, müəyyən mənada təbiidir. Hər kəs istəyir ki, əldə etdiyi informasiyanı mümkün qədər tez paylaşsın. Lakin tədricən belə tələskənliyin gətirdiyi mənfi meyllərdən uzaq olmaq lazımdır. Çünki oxucular daha çox səlist təqdimatlara üstünlük verirlər”. 

Mətbuat Şurasının presscouncil.az rəsmi veb-saytının məlumatına görə, tədbirdə İnternet-medianın statusu məsələsinə də toxunulub. 

Bu haqda söhbət açan Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xəqani Səfəroğlu Azərbaycan qanunvericiliyində İnternet-media seqmentində boşluqların olduğunu qeyd edib: “Kütləvi informasiya vasitələri haqqında” Qanunda İnternet anlayışı çox yayğındır. Onlayn-media vasitələrinin təqdim etdikləri materiallar KİV məhsulu kimi nəzərdə tutulmur”. X.Səfəroğlu qanunvericilikdəki bu kimi boşluqların aradan qaldırılmasının zəruriliyini bildirib.