Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri araşdırılır

13 İyul 2016 - 15:28 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri istiqamətində Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri araşdırılır. İnstitutda keçirilən növbəti elmi seminar da məhz transliterasiya problemlərinin müzakirəsinə həsr olunmuşdur.

İnstitutun böyük elmi işçisi Səbinə Məmmədzadə elmi seminarda “Transliterasiya: mövcud vəziyyət, problemlər və həlli yolları” mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, vahid transliterasiya standartının işlənilməsi ad, soyad, toponimlər və s. düzgün yazılışı, internetdə fərqli variantların yayılmasının qarşısının alınması, anlaşılmazlıqların aradan qaldırılması, ünsiyyətin asanlaşması, internetdə axtarışın relevantlığının artırılması və s. baxımından böyük əhəmiyyətə malikdir.

S.Məmmədzadə transliterasiya üzrə ISO standartları, kiril əlifbası üçün qəbul edilmiş müxtəlif transliterasiya sistemləri və konvertasiya sistemləri haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, yeni romanizasiya cədvəllərinin təklif olunması və ya dəyişikliklərin edilməsi üçün milli və beynəlxalq transliterasiya standartlarının araşdırılması, konvertasiya cədvəllərinin tərtib edilməsi kimi bir sıra prosedurların yerinə yetirilməsi vacibdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Çoxsaylı suallar cavablandırıldı.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev vahid Azərbaycan informasiya fəzasının formalaşması problemlərindən biri olan transliterasiyanın digər ölkələrdə yaşayan azərbaycanlılar, xüsusən də uşaqlar və gənclər üçün bir sıra çətinliklər yaratdığını bildirdi. Virtual məkanda transliterasiya problemlərinin həll olunmasının zəruriliyini vurğulayaraq bu sahədə mövcud beynəlxalq təcrübədən faydalanmağın və transliterasiya standartlarının işlənilməsinin milli identikliyin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırdı, institutda bu istiqamətdə aparılan elmi tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.