İnformasiya və biliklər iqtisadiyyatının formalaşması və inkişafının qiymətləndirilməsi problemləri müzakirə olundu

11 İyul 2016 - 11:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyada informasiya və biliklər iqtisadiyyatının formalaşması və inkişafının qiymətləndirilməsi problemlərinə həsr olunmuş ümuminstitut elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev öncə iqtisadi sistemlər, onların xüsusiyyətləri və formalaşma mərhələləri, eləcə də informasiya və bilik iqtisadiyyatının mahiyyəti və məzmununa olan yanaşmaları təhlil etdi. Sonra isə informasiya və biliyin xüsusiyyətləri və idarə olunması sistemləri, informasiya və bilik iqtisadiyyatının formalaşmasında və inkişafında İKT-nin rolu və yeri haqqında məlumat verdi. Ə.Əliyev beynəlxalq iqtisadiyyatın struktur təhlili, informasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə əsas göstəricilər, indikatorlar və indekslər və s. haqqında ətraflı məlumat verdi, bu sahədə mövcud qanunvericilik bazasını diqqətə çatdırdı. 

Məruzəçi informasiya və bilik iqtisadiyyatının formalaşmasında və inkişafında İKT-nin rolundan danışaraq bildirdi ki, informasiya sektorunun inkişafı, informasiya və bilik resurslarının  yayılması, İKT-nin, o cümlədən yeni bilik sahələrinin və texnologiyalarının formalaşması və s. bu sahənin inkişafına zəmin yaradır.

O, həmçinin Nobel mükafatları əsasında bilikli ölkələrin reytinqini və ümumdaxili məhsula görə ölkələrin  reytinqini, həmçinin qarşıdakı dövr üçün qlobal iqtisadi perspektivlər haqqında təhlil və mülahizələrini təqdim etdi.

Məruzəçi beynəlxalq iqtisadiyyatın strukturunu təhlil edərək dünya iqtisadiyyatının əsas subyektləri, inkişaf faktorları, qloballaşması, dünya bazarının strukturu, o cümlədən dünya iqtisadiyyatının sektorial və sahəvi strukturu barədə ətraflı məlumat verdi.

İnformasiya və bilik iqtisadiyyatının infrastrukturunu diqqətə çatdıran şöbə müdiri bu sahənin əsas elementlərinin təhsil, elm, insan kapitalı, vençur fondları və biznesi, bilik və yüksək texnologiya istehsalı, informasiya və biliklər cəmiyyəti, innovasiyaların yaradılması və transferi, dövlət, vətəndaş və biznes institutları olduğunu söylədi.

Ə.Əliyev, həmçinin informasiya və bilik iqtisadiyyatının ölçülməsi üzrə əsas göstəricilər, indikatorlar və indeksləri təqdim etdi, bilik iqtisadiyyatının inteqral indikator və indekslərini nəzərə çatdırdı. Qeyd etdi ki, bu indekslərə bilik indeksi, bilik iqtisadiyyatı indeksi, İKT-in inkişaf indeksi və ya informasiya cəmiyyəti indeksi, informasiya bərabərsizliyi indeksi, rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi, qlobal rəqabətqabiliyyətlilik indeksi, texnoloji hazırlıq indeksi və s. daxildir.

Biliklər iqtisadiyyatının inkişafı üzrə bəzi ölkələrin coğrafiyasını diqqətə çatdıran məruzəçi ölkəmizin bu reytinqdə 143 ölkə arasından 79-cu yerdə olduğunu bildirdi.    

Azərbaycanda postneft dövründə İKT-nin inkişaf etdirilməsi məsələlərinə toxunan Ə.Əliyev ölkədə elmi-texniki işləri yerinə yetirən təşkilatların fəaliyyət sektorları, tipləri, statistik hesabatlarını, məhsul və xidmətlərini seminar iştirakçılarının nəzərinə çatdırdı. 

Ə.Əliyev informasiya və bilik iqtisadiyyatının formalaşmasının təhlili, inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə yeni indeks, indikator və onların hesablanma metodikalarının işlənilməsinə yeni yanaşmanın xüsusiyyətləri, informasiya və biliklər iqtisadiyyatının kompozit indeksi, sahəvi indeksləri formalaşdıran subindeks və indikatorların işlənilməsi istiqamətində tədqiqatların ilkin nəticələrini təqdim etdi. Bildirdi ki, informasiya və biliklər iqtisadiyyatının kompozit indeksinə informasiya cəmiyyətinin formalaşması indeksi, elm və təhsilin inkişaf indeksi, milli innovasiya sisteminin formalaşması indeksi, texniki- texnoloji  və nəqliyyat  infrastrukturu  indeksi, makro iqtisadi sistemin və biznes mühitinin əlverişliliyi indeksi, ictimai-siyasi və hüquqi mühitin stabilliyi və dinamikliyi indeksi, o cümlədən sosial-mədəni və ekoloji mühitin dayanıqlılığı indeksi, intellektual mülkiyyətin qorunması indeksi, əmək bazarı və yüksək ixtisaslı kadr təminatlılığı indeksi, iqtisadi sahələrdə elmi-texnoloji tutumlu istehsal indeksi daxildir.

İnformasiya və biliklər iqtisadiyyatının müqayisəli qiymətləndirilməsi üzrə kompozit indekslər sisteminin işlənilməsinin elmi-metodoloji əsaslarına toxunaraq qeyd etdi ki, kompozit indekslər cəmiyyətin, iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi, təhlili və müqayisəsi üçün faydalı instrumentariyadır: “Kompozit indeks və indikatorlar çoxölçülü kriteriya əsasında ölçülən ayrı-ayrı göstəricilərin vahid indeksdə birləşməsindən yaranır. Bu indeks birbaşa olmasa da, dolayı yolla informasiya və biliklər iqtisadiyyatının səmərəliliyini qiymətləndirməyə imkan verir”.

Sonda Ə.Əliyev bu sahədə elmi-tədqiqat işlərinin davam etdirildiyini bildirdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.