Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, bugünkü iclas 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2 dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiə tarixinin təyini məsələlərinə həsr edilib.
İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Nigar İsmayılovanın “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarınn tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru Ramiz Alıquliyev və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Babək Qirimov, aparıcı təşkilat BDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası təsdiq edildi.
Digər iddiaçı Seyidhüseyn Hüseyninijadgazaninin “Simsiz ad hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru, dosent Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə AMEA Kibernetika İnstitutu təsdiq olundu.
Hər iki dissertasiya işi üzrə müdafiə 11 aprel 2014-cü il tarixinə təyin olundu.