“Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu

01 İyul 2016 - 11:00 | Konfranslar, İclaslar

İyunun 30-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan institutun böyük elmi işçisi Məmməd Həşimovun 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra M.Həşimov dissertasiyanı təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

İddiaçı bildirdi ki, elmin müxtəlif sahələrində meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi kompüterlərin hesablama gücü kifayət etmir. Mürəkkəb məsələlərin həllində mühüm rol oynayan yüksək hesablama məhsuldarlığına və böyük yaddaşa malik olan superkompüterlərin qiymətlərinin yüksək olması bir çox ölkələrin onları əldə etməsinə və elmi-texniki tədqiqat işlərində istifadə etməsinə imkan vermir. Bulud texnologiyaları əsasında Verilənlərin Emalı Mərkəzlərinin (VEM) hesablama və yaddaş resurslarından səmərəli istifadə olunması aktual məsələlərdəndir.

Onun sözlərinə görə, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM-in hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir.

İddiaçı tədqiqat işində kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemlərinin təhlil edildiyini, bulud texnologiyalarının müasir vəziyyəti və problemlərinin araşdırıldığını, VEM-də hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün modelin, e-dövlət və e-kitabxana resurslarının virtuallaşmasının konseptual modellərinin işlənildiyini bildirdi. Qeyd etdi ki, AzScienceNet elm-kompüter şəbəkəsində bulud xidmətlərindən istifadə etməklə eksperimentlər aparılmış və AzScienceNet-də bulud xidmətlərinin təhlükəsizlik problemlərinin həlli mexanizmləri təklif olunmuşdur.

M.Həşimov dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq istifadəçilərin məlumatlarının VEM-in yaddaş qurğuları arasında dinamiki paylanması üçün metod və alqoritmin, VEM-in yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması və VEM-in hesablama resurslarının istifadəçilər arasında optimal paylanması modellərinin işlənildiyini söylədi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Sonra çıxış edən dissertasiya işinə dair elmi rəhbər AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev hazırda bulud texnologiyalarının VEM-in resurslarından daha səmərəli istifadə etmək üçün ən perspektivli texnologiyalardan olduğunu bildirdi: “Müasir dövrdə dünyada bulud texnologiyalarının köməyi ilə VEM-in hesablama və yaddaş resurslarından səmərəli istifadə edilməsi istiqamətində araşdırmalar aparılır. Bu baxımdan yerinə yetirilən dissertasiya işi böyük əhəmiyyətə malikdir”.

İnstitutun AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzinin 14 teraflops hesablama gücünə, 300 terabayt yaddaşa malik olduğunu söyləyən akademik bu mərkəzin buludlaşdırılması istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd etdi, dissertasiya işi yerinə yetirilərkən bu şəbəkənin bulud xidmətlərindən istifadə olunduğunu vurğuladı.

R.Əliquliyev elektron dövlətin bulud texnologiyaları ilə qurulmasının vacib məsələlərdən olduğunu söylədi, e-dövlətdə şəbəkə resurslarından maksimum faydalanmaq üçün bulud texnologiyalarından istifadənin zəruriliyini qeyd etdi. Akademik bu texnologiyaların şəbəkə resursları və internet xidmətlərindən səmərəli istifadə edilməsinə təminat verdiyini diqqətə çatdırdı.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə texnika üzrə elmlər doktorları, professorlar Məhəmməd ƏhmədovCavanşir Məmmədov, texnika üzrə elmlər doktorları Ramiz AlıquliyevNadir Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını bildirdilər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və M.Həşimova texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.