“Google” şirkətinə sahib olan “Alphabet” holdinqi 1 Gbit/san-dək sürəti təmin edən və kabel qoşulmasından ucuz olan simsiz məlumat ötürmə texnologiyasını təqdim edib.
hitech.newsru.com saytının məlumatına görə, “Alphabet”in icraçı direktoru Erik Şmidt səhmdarların illik iclasında yeni texnologiyanın xüsusiyyətlərindən danışaraq bildirib ki, bu texnologiya yüksək sürətə nail olmağa imkan verən təkmilləşdirilmiş mikroprosessorlardan və siqnal yönəltmədən istifadə edir. Bununla yanaşı, yeni istifadəçilərin həmin texnologiyaya qoşulması “Google Fiber” optik-lif kabeli vasitəsilə qoşulmadan daha ucuz başa gəlir.
“Alphabet” 2017-ci ildə Kanzas-Sitidə (ABŞ) ilk simsiz şəbəkəni qurmağı planlaşdırır. İcraçı direktor, həmçinin qeyd edib ki, şirkət bir neçə simsiz texnologiyanı sınaqdan keçirir və siqnallarının qəbulu üçün istifadəçilərin evlərində xüsusi cihazlar quraşdırılmalıdır.