science.az portalı və ict.az saytının 2014-cü il üçün fəaliyyət planı təqdim olundu

26 Fevral 2014 - 12:12 | Konfranslar, İclaslar
science.az portalı və ict.az saytının 2014-cü il üçün fəaliyyət planı təqdim olundu

İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirilib. İclasda 16 saylı şöbənin müdiri Gülnarə Nəbibəyova cari ildə görüləcək işləri diqqətə çatdırıb. Öncə şöbədə aparılan elmi-tədqiqatlarla bağlı məlumat verən G.Nəbibəyova xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sisteminin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını, qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodlarının və qeyri-səlis OLAP-modelin işlənildiyini diqqətə çatdırıb. Şöbə müdiri Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üzrə tədqiqatların aparıldığını, bu istiqamətdə araşdırmaların cari ildə də davam etdiriləcəyini vurğulayıb. G.Nəbibəyova şöbədə veb-resursların optimallaşdırılmasının elmi-nəzəri problemlərinin təhlili və tədqiqi, media-analitikanın müasir vəziyyəti, sosial-media problemləri istiqamətlərində elmi araşdırmaların aparılacağını da qeyd edib. 

Sonra şöbə müdiri AMEA-nın www.science.gov.az rəsmi portalı və institutun www.ict.az saytının 2014-cü il üçün fəaliyyət planını təqdim edib. 

AMEA-da aparılan struktur dəyişiklikləri və islahatlar, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət planının icrası ilə əlaqədar olaraq www.science.az portalının yeni versiyasının hazırlandığını diqqətə çatdıran məruzəçi bu istiqamətdə elmi-texnoloji və təşkilati tədbirlərin 2014-cü ildə də davam etdiriləcəyini bildirib. www.science.gov.az portalının yeni versiyasında innovativ texnologiyaların tətbiqi ilə yanaşı, Milli Elmlər Akademiyasının qurumları və əməkdaşları haqqında informasiya təminatının da yeniləndirilməsi istiqamətində kompleks işlərin görüləcəyini diqqətə çatdıran G.Nəbibəyova portalda AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn yayımını həyata keçirən ElmTv pəncərəsinin də olacağını xüsusi vurğulayıb. 

Müvafiq tədbirlərin ict.az saytı üzrə də görüldüyünü bildirən G.Nəbibəyova saytın yeni versiyasının hazırlanması ilə bağlı mövcud vəziyyət və perspektivdə nəzərdə tutulan işlərdən söz açıb. 

Şöbə müdiri AMEA-nın institut və təşkilatlarının veb-saytlarına tələblərin işlənildiyini və bu tələblər üzrə monitorinqin aparıldığını qeyd edərək, şöbənin mütəxəssisləri tərəfindən təşkilatların saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görüləcək işləri də diqqətə çatdırıb. 

Bundan əlavə, elmi tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib. 

Fəaliyyət planı ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib.