Məlum olduğu kimi, 17 May tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Hər il müxtəlif mövzular altında qeyd edilən günün builki mövzusu “Sosial inkişaf üçün İKT sahibkarlığı”dır.
AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra tədbir iştirakçılarına Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zhaonun videomüraciəti təqdim edilib.
Tədbir “Sosial inkişaf üçün İKT sahibkarlığı” mövzusunda panel ilə davam etdirilib.
Paneldə İKT sahibkarlığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən yaradılmış şərait, texnoloji parkların formalaşdırılması və inkişafı barədə geniş müzakirələr aparılıb.
Çıxış edən “StartUp”çılar və panel nümayəndələri ölkəmizdə “StartUp” hərəkatının genişlənməsi, innovativ ideyaların dəstəklənməsinin vacibliyini vurğulayaraq bu sahədə elm və təhsil müəssisələrinin rolunu da qeyd ediblər. İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığının vacibliyi vurğulanıb və bu sahədə təcrübə mübadiləsi aparılıb. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Sonra 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Artıq 10 ildir ki, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
Bu olimpiadaya digər illərdən fərqli olaraq çox sayda iştirakçı qatılıb. Bakı şəhərində yerləşən universitetlərlə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak edib. Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilib. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Nəticələrə əsasən, Qafqaz Universitetinin komandası 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü yer, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin komandaları isə 4-cü yerə layiq görülüblər.
Qaliblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə tutduqları yerə uyğun olaraq “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.