Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlər işlənilib

16 May 2016 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova elmi seminarın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra iddiaçı Məmməd Həşimov 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

M.Həşimov qeyd etdi ki, elmin müxtəlif sahələrində meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi kompüterlərin hesablama gücü kifayət etmir. Mürəkkəb məsələlərin həllində mühüm rol oynayan yüksək hesablama məhsuldarlığına və böyük yaddaşa malik olan superkompüterlərin qiymətlərinin yüksək olması bir çox ölkələrin onları əldə etməsinə və elmi-texniki tədqiqat işlərində istifadə etməsinə imkan vermir. Bulud texnologiyaları əsasında Verilənlərin Emalı Mərkəzlərinin (VEM) hesablama və yaddaş resurslarından səmərəli istifadə olunması aktual məsələlərdəndir.

Onun sözlərinə görə, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM-in hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir.

İddiaçı bildirdi ki, tədqiqat işində bulud texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivləri araşdırılmış, kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemləri təhlil edilmiş, VEM-də hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması modeli işlənilmiş, e-dövlət və e-kitabxana resurslarının virtuallaşmasının konseptual modelləri işlənilmişdir. Həmçinin AzScienceNet elm kompüter şəbəkəsində bulud xidmətlərindən istifadə etməklə eksperimentlər aparılmış və AzScienceNet-də bulud xidmətlərinin təhlükəsizlik problemlərinin həlli mexanizmləri təklif olunmuşdur.

M.Həşimov dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq istifadəçilərin məlumatlarının VEM-in yaddaş qurğularında dinamiki paylanması üçün metod və alqoritmin, VEM-in yaddaş resurslarının istifadəçilər arasında dinamiki paylanması və VEM-in hesablama resurslarının istifadəçilər arasında optimal paylanması modellərinin işlənildiyini qeyd etdi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavanşir Kazımov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Xəlilov və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru Valeh Mustafayev  riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.