Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfransa hazırlıq işləri görülür

04 May 2016 - 15:30 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda mayın 24-də keçiriləcək “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransına hazırlıq məqsədilə təşkilat komitəsinin iclası keçirildi. Qeyd edək ki, konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədbirin e-tibbin multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğuladı. Bildirdi ki, konfrans e-tibbin müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Akademikin sözlərinə görə, konfransın əsas məqsədi respublikada tibb və İKT sahələrində fəaliyyət göstərən elm və təhsil müəssisələrində aparılan tədqiqatların sistemləşdirilməsi, mövcud problemlərin həlli üçün birgə əməkdaşlıq, eləcə də informasiya cəmiyyəti kontekstində e-tibbin multidissiplinar problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır. Alim konfransın elektron tibbin çoxaspektli problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Sonra çıxış edən institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova “Elektron tibbin multidissiplinar problemləri” elmi-praktiki konfransına hazırlıq üzrə fəaliyyət planını təqdim etdi. Konfransın təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verdi.

Fəaliyyət planında nəzərdə tutulmuş təşkilati, texniki və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı, müvafiq tədbirlərin həyata keçirilməsi qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.