Aprelin 30-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirildi.
2007-ci ildən ardıcıl olaraq keçirilən tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Olimpiadanın final mərhələsində respublikanın 13 ali təhsil müəssisəsindən (Qafqaz Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU), Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti) 13 komanda iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə olimpiada iştirakçılarını AMEA rəhbərliyi və İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından salamladı. Ali məktəblərdə informatika üzrə yüksək nəticələr göstərmiş tələbələr arasında keçirilən ümumrespublika olimpiadasının ilk mərhələsində respublikanın 22 ali təhsil müəssisəsindən 55 komandanın iştirak etdiyini diqqətə çatdırdı.
Azərbaycanda yüksək texnologiyalar cəmiyyətinın qurulması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini söyləyən akademik bu məqsədlə proqramla idarə edilən sistemlərin əksər sahələrdə artıq geniş tətbiq olunduğunu qeyd etdi. Alimin sözlərinə görə, ölkədə müxtəlif fəaliyyət sahələrində proqram təminatına olan tələbatla əlaqədar bu sahənin inkişafı üçün lazımi mühitin yaradılması, proqram mühəndisliyi sənayesinin formalaşdırılması, o cümlədən bu fənnin tədrisi vacib məsələlərdəndir: “Ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparılır. Lakin proqramlaşdırmanın elmi-nəzəri əsaslarının, proqram mühəndisliyinə dair müxtəlif yanaşmaların araşdırılması, orta və ali məktəblərdə proqramlaşdırmanın tədrisi ilə əlaqədar problemlərin həlli istiqamətində tədbirlərin görülməsinə böyük ehtiyac var. Bu məqsədlə proqramlaşdırma və proqram mühəndisliyinin elmi-praktiki problemlərinə həsr olunmuş konfrans və seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Proqram mühəndisliyi problemlərinin tədqiqinin institutun fəaliyyət istiqamətlərindən biri olduğunu söyləyən R.Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda xüsusi sektorun fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
Proqram mühəndisliyinin ölkəmizdə formalaşmaqda olan sahələrdən olduğunu nəzərə çatdıran R.Əliquliyev bu sahənin böyük potensiala malik olduğunu vurğuladı. Qeyd etdi ki, bu istiqamətdə son zamanlar ən aktual məsələlərdən biri ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi ilə bağlı araşdırmaların aparılmasıdır. Ölkə rəhbərliyinin bu sahənin inkişafına daim diqqət və qayğı göstərdiyini söyləyən R.Əliquliyev Azərbaycanın müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə proqram mühəndisliyinin imkanlarından istifadənin zəruri olduğunu diqqətə çatdırdı: “Dünyanın əksər ölkələrində ənənəvi hərbi qüvvələrlə yanaşı, kiber-qoşunların yaradılmasına xüsusi diqqət yetirilir. Ölkəmizdə də proqramlaşdırma bacarıqlarına sahib olan “kiber əsgərlər”in yüksək texnologiyaların elmi-nəzəri əsaslarını dərindən mənimsəməsi və bu texnologiyaların tətbiqi respublikanın müdafiə qüdrətinin daha da yüksəldilməsi və intellektuallaşdırlmasına öz töhfəsini verir”.
Sonra Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək ölkəmizdə İKT sahəsinin sürətlə inkişaf edən sahələrdən olduğunu bildirdi. Onun sözlərinə görə, artıq Azərbaycan şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanan proqram məhsulları, elektron hökümətlə bağlı layihələr beynəlxalq aləmdə böyük marağa səbəb olur.
Proqramlaşdırma üzrə yüksəkixtisaslı gənc mütəxəssislərin yetişdirilməsinin vacib məsələlərdən olduğunu bildirən nazir müavini qeyd etdi ki, İKT-nin dinamik inkişafı və geniş vüsət alması ilə formalaşan informasiya cəmiyyətinin qurulmasında Azərbaycanın gələcəyi olan gənclər də yaxından iştirak etməlidir: “Gənc nəsil bu işlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu baxımdan ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsi təqdirəlayiq haldır”.
E.Vəlizadə cari ildən Azərbaycanın müxtəlif bölgələrindən olan ali təhsil müəssisələrinin komandalarının ümumrespublika olimpiasında iştirak etdiyini qeyd etdi, bu komandaların yüksək nəticələr göstərərək final mərhələsinə vəsiqə qazandığını nəzərə çatdırdı. Nazir müavini builki olimpiadada ölkənin müxtəlif orta təhsil məktəblərindən Beynəlxalq İnformatika Olimpiadasında iştirakı nəzərdə tutulan 6 şagirdin müsabiqədən kənar olaraq iştirak etdiyini vurğuladı və onlara müsabiqədə uğurlar arzuladı.
Olimpiadanın Münsiflər Heyətinin sədri, ölkəmizdə proqramçılar nəslinin yetişdirilməsində böyük əməyi olan Bakı Dövlət Universitetinin dosenti, “Şöhrət” ordenli Ramin Mahmudzadə ölkədə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, innovativ təfəkkürlü kadrların, kompüter və proqram mühəndislərinin hazırlanmasına böyük tələbatın olduğunu bildirərək orta və ali məktəblərdə informatika fənninin tədris olunmasının vacibliyini qeyd etdi. Proqramlaşdırma sahəsi üzrə beynəlxalq təcrübəyə malik, qabaqcıl biliklərə yiyələnmiş peşəkar kadrların ölkəmizdə fəaliyyət göstərməyə cəlb olunmasının bu sahənin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu önə çəkdi.
Sonra çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov və Heydər Əliyev Fondunun nümayəndəsi Niftalı Əliyev bu kimi tədbirlərin keçirilməsinin istedadlı gənclərin seçilməsinə, onların İKT biliklərinin təkmilləşdirilməsinə, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılmasına və ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən müxtəlif layihələrə cəlb edilməsinə imkan yaratdığını bildirdilər.
Sonra müsabiqənin şərtləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, olimpiada informatika və proqramlaşdırma üzrə beynəlxalq olimpiadaların formatına uyğun olaraq keçirilir.
Daha sonra olimpiadanın final mərhələsi başlandı. Yarış zamanı hər komandaya 5 saat ərzində 10 məsələni həll etmək tapşırığı verildi.
Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Qafqaz Universitetinin “Qafqaz Programmers”, 2-ci yerə Bakı Ali Neft Məktəbinin “BHOS2”, 3-cü yerə Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squard” və Azərbaycan Texniki Universitetinin “AzTU1”, 4-cü yerə isə Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları layiq görüldülər.
Qeyd edək ki, qaliblər 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.