AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bulud texnologiyalarının yaranması, inkişaf mərhələləri və müasir vəziyyətindən bəhs edərək bu texnologiyaların tətbiqi imkanları və üstünlüklərindən danışdı.
Sonra iddiaçı Məmməd Həşimov 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
M.Həşimov qeyd etdi ki, elmin müxtəlif sahələrində meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi kompüterlərin hesablama gücü kifayət etmir. Mürəkkəb məsələlərin həllində mühüm rol oynayan yüksək hesablama məhsuldarlığına və böyük yaddaşa malik olan superkompüterlərin qiymətlərinin yüksək olması bir çox ölkələrin onları əldə etməsinə və elmi-texniki tədqiqat işlərində istifadə etməsinə imkan vermir. Bulud texnologiyaları əsasında Verilənlərin Emalı Mərkəzlərinin (VEM) hesablama və yaddaş resurslarından səmərəli istifadə olunması aktual məsələlərdəndir.
Onun sözlərinə görə, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM-in hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir.
İddiaçı bildirdi ki, tədqiqat işində bulud texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivləri araşdırılmış, kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemləri təhlil edilmiş, VEM-də hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması modeli işlənilmiş, e-dövlət və e-kitabxana mühitində bulud texnologiyalarının sintezi üçün konseptual model təklif edilmişdir. Həmçinin AzScienceNet elm kompüter şəbəkəsində bulud xidmətlərindən istifadə etməklə eksperimentlər aparılmış və AzScienceNet-də bulud xidmətlərinin təhlükəsizlik problemlərinin həlli mexanizmləri təklif olunmuşdur.
M.Həşimov dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq istifadəçilərin məlumatlarının VEM-in yaddaş qurğularında dinamiki paylanması üçün metod və alqoritmin, VEM-in yaddaş resurslarının istifadəçilər arasında dinamiki paylanması və VEM-in hesablama resurslarının istifadəçilər arasında optimal paylanması modellərinin, eləcə də müxtəlif mühitlər üçün bulud servislərinin sintezi modellərinin işlənildiyini qeyd etdi.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Firudin Ağayev, Şəfəqət Mahmudova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Sonda səsvermə keçirildi və Dissertasiya şurasının üzvləri tərəfindən dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.
Sonra sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova “Elmi jurnalların qiymətləndirilməsi üçün mövcud indikatorlar” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, elmi jurnalların qiymətləndirilməsi elmi təşkilatlar, tədqiqatçılar və kitabxanaçılar üçün mühüm əhəmiyyət kəsb edir.
N.İsmayılova “Thomson Reuters” agentliyi, “Scopus” və “Google Scholar” elmi bazalarında istifadə edilən jurnalların qiymətləndirilməsi indikatorları və müxtəlif tədqiqatçılar tərəfindən təklif olunan indikatorlar haqqında ətraflı məlumat verdi, onların üstünlükləri və çatışmazlıqlarından danışdı.
Daha sonra çıxış edən şöbə müdiri Şakir Mehdiyev “Microsoft” korporasiyası tərəfindən hazırlanmış “Windows 10” barədə geniş məlumat verərək yeni əməliyyat sisteminin üstünlüklərini diqqətə çatdırdı. “Windows 10” əməliyyat sisteminin “Windows” 7, 8 və 8.1 istifadəçilərinə 1 il ərzində ödənişsiz təqdim edildiyini bildirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.