AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov iclasın “AzScienceNet elm kompüter şəbəkəsində BOINC platforması üzərində Grid sisteminin yaradılması” mövzusuna həsr olunduğunu bildirib.
Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov paylanmış hesablama haqqında ətraflı məlumat verib. Qeyd edib ki, paylanmış hesablama mürəkkəb hesablama məsələlərinin iki və daha çox kompüterdən istifadə ilə həll edilməsi üsuludur.
Onun sözlərinə görə, 1973-ci ildə Kaliforniyanın “Xerox PARC” elmi-tədqiqat mərkəzinin mütəxəssisləri Con Şox və Con Xapp gecələr lokal şəbəkəyə buraxılan və işlək vəziyyətdə olan kompüterləri hesablama aparmağa məcbur edən proqram yazdılar. 1994-ci ildə isə Devid Cidi tərəfindən könüllülərin kompüterlərindən istifadə edən “SETI@home” kütləvi paylanmış hesablamalar layihəsinin təşkili fikri irəli sürüldü. 1999-ci ildə “SETI@home” layihəsinə Grid texnologiyası əsasında start verildi. 2002-ci ilin əvvəllərində isə Berkli Kaliforniya Universitetində BOINC platformasının (Berkeley Open Infrastructure for Network Computing – Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) hazırlanması başa çatdı.
S.Dursunov bildirib ki, Grid hesablama paylanmış hesablamaların bir növüdur. “Grid” sözünün ingilis dilindən tərcüməsi “şəbəkə” mənasını verir və ilk dəfə elmə 1994-cü ildə amerikalı alimlər Yan Foster və Karl Kesselman tərəfindən gətirilmişdir. Grid hesablama zamanı şəbəkə ilə birləşdirilmiş kompüterlər “virtual superkompüter” yaradır və klasterlər formasında təqdim olunur, çoxsaylı məsələləri həll etmək üçün birgə işləyir. Bu texnologiya böyük hesablama resursları tələb edən mürəkkəb elmi və riyazi məsələlərin həllində istifadə olunur. Grid hesablama həmçinin kommersiya infrastrukturunda (iqtisadi proqnozlaşdırma, seysmoanaliz, yeni dərmanların xassələrinin öyrənilməsi və s. kimi zaman alan məsələlərin həllində) istifadə olunur.
BOINC platformasının məlumatların emalı üçün hesablama gücü yetərli olmadıqda digər hesablama resurslarını cəlb etmək məqsədi daşıdığını bildirən məruzəçi həmçinin BOINC serverinin arxitekturası haqqında məlumat verib. Qeyd edib ki, AzScienceNet elm kompüter şəbəkəsində BOINC platforması üzərində Grid sisteminin yaradılması istiqamətində tədqiqat işləri aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.