Stiv Cobs kimi məşhur olan Stiven Pol Cobs "Apple", "Next", "Pixar" şirkətlərinin banilərindən biridir. O, dünya kompüter sənayesinin əsas fiqurlarından hesab olunur
"Apple" kompüter imperiyasının yaradıcısı Stiv Cobs 1955-ci il fevralın 24-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub.
O, biznesə dostu Stiv Voznyakla birgə uzaq məsafələrə pulsuz zəng etmək imkanına malik xüsusi qurğular - "göy qutular"ın istehsalı ilə başlayıb. Texnika sahəsində böyük zəka sahibi olan Voznyak və "anadangəlmə biznesmen" Cobs bir-birini yaxşı tamamlayırdılar. Lakin dostlar "göy qutularla" o qədər də uzun müddət məşğul olmadılar. Onlar tezliklə, satış üçün hazır kompüterlərin quraşdırılması üzərində işləməyə başladılar. Beləliklə, 1976-cı ildə "Apple Computer Co." şirkətinin əsasını qoydular. Şirkətin ilk böyük sifarişi yerli elektronika mağazası üçün 50 Apple I kompüterinin hazırlanması oldu.
Yarım ildən sonra Voznyak və Cobs dünyada ilk kütləvi fərdi kompüter olan Apple II-ni təqdim etdilər. 80-ci illərin sonlarında artıq şirkət milli səviyyədə tanınmağa başlamışdı. 25 yaşlı Cobsun şəxsi kapitalı isə 200 milyon dollar idi.
Növbəti illərdə S.Cobs 2 yeni şirkətin, "NeXT" və "Pixar"-ın əsasını qoydu. Nəticədə Pixar dünyanın ən uğurlu animasiya studiyası oldu. 2001-ci ildə "Apple" dünyada ilk iPod pleyerini təqdim etdi. Onun satışları cəmi 1 il sonra şirkətin əsas gəlir mənbəyinə çevrildi. 2006-cı ildə Apple TV-nin şəbəkə multimedia pleyeri satışa çıxarıldı.
Növbəti ildən dünyaca məşhur iPhone-un satışlarına start verildi. 2008-ci ildə isə şirkət rəhbəri dünyada ən nazik noutbuku - MacBook Air-i nümayiş etdirdi.
Stiv Cobs 5 oktyabr 2011-ci ildə, mədəaltı vəzinin xərçəngindən 56 yaşında dünyasını dəyişdi.