“Facebook” görmə imkanı məhdud şəxslərə obyektləri səslə təsvir edəcək

07 Aprel 2016 - 11:00 | Maraqlı məlumatlar
“Facebook” görmə imkanı məhdud şəxslərə obyektləri səslə təsvir edəcək

“Facebook” sosial şəbəkəsinin görmə imkanı məhdud şəxslər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti “görməyə” imkan verəcək. Sözügedən funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib edə biləcək və ucadan səsləndirmək imkanına malik olacaq.

vesti.ru saytının məlumatına əsasən, artıq görmə imkanı məhdud şəxslər süni intellektin köməyilə şəkildə təsvir edilmiş obyekt haqda daha dolğun məlumat əldə edə biləcəklər.

“Facebook”un maşın təlimi alqoritmləri fotoda təsvir edilmiş obyektləri müəyyənləşdirərək onları ucadan səsləndirəcək: “Məsələn, bu şəkildə səma, ağac təsvir edilib”.

Yeni funksiya hələ ki, “iOS” platforması ilə işləyən qurğulardan sosial şəbəkənin ingilisdilli versiyasına daxil olan istifadəçilər üçün əlçatandır. Bu funksiyadan istifadə etmək üçün “VoiceOver” (“Sazlamalar” – “Əsaslar” – “Universal giriş”) səs müşayiəti proqramını aktivləşdirmək lazımdır.

Şirkətin nümayəndəsi Ceff Vilandın sözlərinə görə, tezliklə təsvirin tanınması funksiyası “Android” ilə işləyən smartfonlar üçün əlçatan olacaq və digər dilləri dəstəkləyəcək.