“Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olunub

06 Aprel 2016 - 09:28 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclasında dissertant Elçin Məmmədovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” adlı dissertasiya işi müzakirə olunub. İddiaçı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri nəzərə çatdırıb.

Kitabxana Sistemlərinin tətbiqində meydana çıxan texniki, kadr, lisenziya, dil və s. problemlərin araşdırılması, elektron kitabxana informasiya sistemlərinin yaradılmasında standartlar, elektron kitabxana-informasiya mühitində müəllif hüquqlarının qorunmasında, informasiya təhlükəsizliyi məsələlərində yaranan problemlərin qarşısının alınması, respublikada müasir elektron kitabxana informasiya sisteminin yaradılmasının vacibliyi kimi bir sıra məsələlərin tədqiqat işinin aktuallığını səciyyələndirən amillərdən olduğunu bildirib.

E.Məmmədov qeyd edib ki, dissertasiya işinin məqsədi respublikada mərkəzləşdirilmiş, qlobal standartlara uyğun, inteqrasiya və müxtəlif tətbiq imkanlarına malik, müasir informasiya xidmətləri təqdim edə bilən elektron kitabxana şəbəkəsinin nəzəri və təcrübi mexanizmlərinin işlənilməsidir.

Onun sözlərinə görə, gәləcək nəsil elektron kitabxanaların yaradılmasında informasiya-kommunikasiya texnologiyalarının tәtbiqi məsәlәlәri, ölkədə və xaricdə elektron kitabxana idarəetmə sistemləri və inteqral kitabxana sistemləri kompleks şəkildə tədqiq edilmişdir. Həmçinin Viki, CRM və Bulud texnologiyaları əsasında elektron kitabxanaların yaradılması imkanları, informasiya resurslarının formalaşması prosesi, müasir elektron kitabxanalarda informasiya xidməti və informasiya təhlükəsizliyi məsələləri ilə bağlı yeni fikirlər irəli sürülmüş, gələcək nəsil elektron kitabxanalarda yeni texnologiyaların tətbiqi perspektivləri açıqlanmışdır.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Çoxsaylı suallar cavablandırılıb.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova irad və təkliflərini səsləndiriblər.

Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.