AzScienceNet-də göstərilən elektron kitabxana xidmətləri AMEA əməkdaşları üçün geniş imkanlar açır

04 Aprel 2016 - 11:00 | Konfranslar, İclaslar

Respublikanın elmi qurumlarında idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulması vacibdir. AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompüter şəbəkəsi bu məsələlərin həllində mühüm rol oynayır.

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Məmmədrəsul Yaqubov institutun elmi seminarında çıxışı zamanı bildirib. “AzScienceNet elm kompüter şəbəkəsində elektron kitabxana xidməti” mövzusunda məruzəni təqdim edən M.Yaqubov AzScienceNet-də AMEA-nın əməkdaşlarına Wi-Fi, Eduroam, Cloud Computing, monitorinq və informasiya təhlükəsizliyi, Hosting, distant təhsil və s. ilə yanaşı, elektron kitabxana xidmətinin də göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, şəbəkə infrastrukturu əsasında yaradılmış AzScienceNet-in platformasında yerləşən elektron kitabxana sisteminin qurulma, təhlükəsizlik, miqyaslanma və elastiklik məsələlərinin həlli yolları şəbəkədə tətbiq olunub. O, həmçinin tanınmış elektron kitabxanalar, e-kitabxana sistemi proqramları, e-kitabxana sistemi avadanlıqları, AzScienceNet-də e-kitabxana infrastrukturu haqqında danışıb.

M.Yaqubov AzScienceNet-in Data Mərkəzində yerləşən elektron kitabxana sisteminin “Exlibris” şirkətinin “Alephino” proqram təminatı vasitəsilə qurulduğunu bildirib. Qeyd edib ki, “Alephino” beynəlxalq səviyyədə istifadə olunan və Avropanın müxtəlif dillərində mövcud olan sistemdir. Sistem müxtəlif inteqrasiya mühitlərinə və sənədlərin özünəməxsus dizaynı üçün bir neçə çıxış formatlarına adaptasiya olunmaq imkanına malikdir, – deyə bildirən məruzəçi sistemə daxil olmaq və ondan istifadə qaydaları, sistemə dair tələblər, AzScienceNet şəbəkəsində “Alephino” e-kitabxana serverinin yerləşdirilməsi, Alephino” proqram paketinin yüklənməsi, sistemə internet üzərindən qoşulmaların təmin olunması və s. haqqında ətraflı məlumat verib.

E-kitabxana sistemlərinin təhlükəsizliyi məsələsinə toxunan M.Yaqubov xidmətin davamlı olması və əlçatanlığının təmin olunması üçün klassik metodlardan əlavə, virtual serverlərə və ya bulud platformalarına əsaslanan sistemlərin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Onun sözlərinə görə, bulud texnologiyalarının tətbiqi ilə e-kitabxana sistemlərinin istifadəçi profillərinin analizi aparılır: “Bununla da istənilən istifadəçinin maraq dairəsini müəyyənləşdirərək onun fəaliyyət göstərdiyi elm sahəsində kitab, məqalə və jurnalların dünya kitabxana bazalarından toplanması mümkündür”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.