Göyərçinlər havanın çirklənmə səviyyəsini müəyyənləşdirməyə kömək edəcək

21 Mart 2016 - 12:00 | Maraqlı məlumatlar
Göyərçinlər havanın çirklənmə səviyyəsini müəyyənləşdirməyə kömək edəcək

Londonda kiçik çantaların köməyilə havanın çirklənmə səviyyəsini müəyyən edən 10 göyərçindən ibarət patrul yaradılıb. Çantalar quşlara zərər verməyən 25 qram çəkiyə malik xüsusi sensorlarla təchiz edilib. Sensorlar meqapolisin konkret rayonunda havada azot dioksidin səviyyəsi haqqında məlumatı toplayaraq mərkəzə ötürür.

Mütəxəssislərin sözlərinə görə, toplanmış məlumatların analizi aparıldıqdan sonra növbəti sınaqda iştirak edən könüllülər şəhərdə ekoloji vəziyyəti izləməyə imkan verən daşınan qurğunu test edəcəklər.

Toplanmış məlumatlar Böyük Britaniyanın paytaxtında havanın çirklənmə səviyyəsinin tam mənzərəsini əks etdirməsə də, alimlərə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün lazımi hesablamaların yerinə yetirilməsində kömək edəcək.

Layihənin veb-saytındakı xəritə vasitəsilə tədqiqatın gedişatını izləmək mümkündür. Tədqiqatın nəticələri diqqəti ekoloji problemlərə yönəltmək məqsədilə “Twitter” sosial şəbəkəsində dərc olunacaq.

Britaniya ekoloqları qeyd edirlər ki, hazırda şəhərdə havanın orta və yüksək çirklənmə səviyyəsi müşahidə olunur. Lakin ötən il çirklənmə səviyyəsi mümkün normanı ötərək beşillik rekordu yeniləyib. Bu ekoloji problem ildə minlərlə insanın ölümünə səbəb olur.

hi-news.ru