Süni intellektə əsaslanan proqramların işlənilməsi günün vacib tələblərindəndir

18 Mart 2016 - 15:40 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun böyük elmi işçisi Tamilla Bayramova “Proqram mühəndisliyində süni intellekt problemləri” haqqında məruzə ilə çıxış etdi. İnformasiya cəmiyyətində əsaslı dəyişikliklərə səbəb olan yeni texnologiyaların yaradılması, öyrənilməsi və bu sahədə fundamental araşdırmaların aparılmasının vacibliyini qeyd etdi. Bildirdi ki, son illər süni intellektə əsaslanan proqramların işlənilməsi proqram mühəndisliyinin mühüm nailiyyətlərindəndir. Süni intellektin məqsədi insan beyninin mikrostrukturuna oxşar modelə əsaslanan və mürəkkəb məsələləri insan kimi həll etməyə imkan verən yeni nəsil adaptiv metod və alqoritmlərin yaradılmasıdır.

Süni intellektin yaradılması zamanı idrakın və əks əlaqəli neyroşəbəkələrin modelləşdirilməsi, qeyri-səlis modellər, genetik alqoritmlər, ekspert sistemlərinin işlənilməsi, obyektlərin, mətnlərin və nitqin tanınması, məntiqi proqramlaşdırma, robototexnika kimi istiqamətlər üzrə model və alqoritmlərin işlənilməsi və proqramlaşdırılması həyata keçirilir.

Süni intellekt sahəsində əsas yer tutan ekspert sistemləri mütəxəssisin müəyyən sahəyə uyğun professional götəricilərinə əsaslanan, daxili məntiqə malik, baxılan məsələnin həllini təmin edən insan-maşın kompleksi olduğunu söyləyən T.Bayramova diaqnostik, layihələndirən, planlaşdıran, monitorinq, nəzarətçi və s. kimi ekspert sistemlərinin fərqləndirildiyini diqqətə çatdırdı.

Məruzəçinin sözlərinə görə, proqram təminatının təhlükəsizliyi məsələlərinin həllində süni intellekt texnologiyalarına əsaslanan, sərbəst işləyə bilən və yeni şərtlərə daha tez uyğunlaşan sistemlərin yaradılmasına ehtiyac duyulur. Məhz bu kimi sistemlər dəyişən şərtlərdə fasiləsiz olaraq mühitə uyğunlaşa və yeni biliklər əldə edə bilərlər. Beləliklə, proqram təminatının özünü idarəetmə anlayışı meydana çıxır.

“Hazırda kompüter texnologiyaları süni intellekt vasitəsilə proqramlarla ünsiyyət yaratmağa imkan verir. Bu kimi proqramların intellekti təcrübədə inkişaf edir və öz funksiyalarını artıraraq təkmilləşir. Məsələn, süni intellektə malik “ChatMaster” proqramı insanla çat vasitəsilə əlaqə yaradır. Proqramla ünsiyyət saxladıqda lüğət ehtiyatını artırır və həmsöhbətinə uyğunlaşa bilir. “A.L.I.C.E.” (Artificial Linguistic Internet Computer Entity – Süni linqvistik internet-kompüter varlıq) proqramı isə yazılmış suallara şifahi cavab verir”, – deyə məruzəçi bildirdi.

Məruzəçi həmçinin süni intellektin nailiyyətlərindən istifadə edərək insan həyatı üçün təhlükəli sahələrdə işləməsi məqsədilə hazırlanmış xilasedici, yanğınsöndürən, köməkçi robotlar və s. haqqında məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.