Yaponiyanın “QD Laser” şirkəti təsviri skan edərək onu birbaşa gözün torlu qişasına proyeksiya edən eynək prototipi hazırlayıb.
Şirkətin mühəndisləri və Tokio Universitetinin əməkdaşları ilə birgə hazırlanmış “Torlu qişanın lazer skanı” adlı innovativ texnologiya görmə qabiliyyəti zəif olan insanları göz əzələlərinin gərginliyindən xilas edəcək. Belə ki, eynək skan zamanı əldə olunmuş təsviri gözün torlu qişasına proyeksiya edəcək.
tass.ru saytının məlumatına görə, hazırda “QD Laser” şirkəti Əczaçılıq Preparatları və Tibbi Qurğular Agentliyi (Pharmaceuticals and Medical Devices Agency – PMDA) ilə konsultasiyalar aparır. Bu ixtiranın əlavə reallıq texnologiyasına malik tibbi qurğu kimi istehsalı məsələsi müzakirə edilir.
Əlavə reallıq texnologiyasından istifadə edən kompüter qurğuları real vaxt rejimində vizual təsviri qəbul edilən obyektlər haqda virtual məlumatlarla tamamlayır. Əlavə reallıq texnologiyası tibb, hərbi texnika, kompüter oyunları və mobil texnologiyalarda geniş tətbiq edilir.