Dünya Bankının müasir informasiya texnologiyalarından istifadəyə dair yeni hesabatına əsasən, planet əhalisinin təxminən 1,1 milyardı internetə yüksəksürətli çıxış imkanına malikdir, “Ümumdünya Hörümçək Toru”nun istifadəçilərinin ümumi sayı isə 3,2 milyard nəfər təşkil edir.
Dünya ölkələrinin əksəriyyətində internet, mobil telefonlar və informasiyanın rəqəmsal olaraq toplanması, saxlanılması və təhlili üzrə digər vasitələr sürətlə yayılır. Bundan başqa, planet əhalisinin təqribən 60 faizi hələ də internetə çıxış imkanına malik deyil.
belta.by saytının məlumatına əsasən, son zamanlar inkişaf etməkdə olan ölkələrdə mobil telefonlar elektrik enerjisi və ya içməli su ilə müqayisədə daha əlçatandır. Ancaq bir çox ölkələrdə internet hələ də hamı üçün əlçatan deyil. Avropa Birliyinin ən zəngin ölkələrində vətəndaşlar onlayn xidmətlərdən 3 dəfə daha çox istifadə edir.
Hesabat müəllifləri yoxsul ölkələrə İKT sahəsində çalışan mütəxəssislərin ixtisasının artırılması, investisiya qoyuluşu, həmçinin işgüzar mühitin yaxşılaşdırılması və qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə rəqəmsal inqilabın potensialı üzrə maksimum istifadəyə nail olmağı təklif edir. İnternet sosial təcridin aradan qaldırılmasında, səmərəliliyin yüksəldilməsi və innovasiyaların tətbiqində kömək edə bilər.
Rəqəmsal texnologiyaların uğurlu istifadəsinə dair çox sayda nümunələr mövcuddur. Məsələn, Şərqi Afrikada əhalinin 40 faizi mobil telefonların köməyi ilə kommunal borclarını ödəyir. Çində təxminən 8 milyon sahibkar (onların 33 faizi qadınlardır) elektron ticarətdən istifadə edir. Hindistan 5 il ərzində 1 milyard insanı rəqəmsal şəxsiyyət vəsiqəsi ilə təmin edib, həmçinin dövlət xidmətlərindən elektron istifadəni genişləndirib ki, bu da sözügedən sahədə korrupsiya hallarının sayının azalmasına imkan yaradıb.