E-tibbdə qərarların qəbulunu dəstəkləyən sistemlərin işlənilməsi günün vacib tələblərindəndir

19 Fevral 2016 - 11:00 | Konfranslar, İclaslar
E-tibbdə qərarların qəbulunu dəstəkləyən sistemlərin işlənilməsi günün vacib tələblərindəndir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibbin formalaşması problemləri istiqamətində araşdırmalar davam etdiriləcək. Bu barədə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi.

M.Məmmədova cari ildə şöbədə planlaşdırılmış işlər haqqında məlumat verərək elektron tibbdə qərarların qəbulunu dəstəkləyən sistemlərin elmi-nəzəri problemlərinin tədqiqi və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyətin təhlilinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Bildirdi ki, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi istiqamətində Big Data texnologiyalarının tətbiqi, tibbi sferada insan resurslarının idarə olunması problemləri və insan resurslarının idarə olunmasının çoxsəviyyəli yanaşma əsasında tədqiqi cari ildə görüləcək işlər sırasındadır.

Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışaraq elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi istiqamətində aparılan araşdırmaların davam etdiriləcəyini söylədi. O, e-universitetlərdə virtual təhsil məkanı, idarəetmə prinsiplərinin xüsusiyyətləri və onların əsas inkişaf istiqamətlərini qeyd edərək e-universitetin intellektual idarə olunması sistemini xarakterizə edən arxitektur komponentlərin təyini və onların qarşılıqlı əlaqə modellərinin işlənilməsinin vacibliyini vurğuladı.

Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemlərinin araşdırılması istiqamətində şöbədə aparılan tədqiqatların davam etdiriləcəyini qeyd edən şöbə müdiri bildirdi ki, cari ildə linqvistik informasiya texnologiyalarının tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici ekspert sistemin işlənilməsi üçün tədqiqatlar davam etdiriləcəkdir. 

O, aparılan elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işlərdən danışdı.

M.Məmmədova, həmçinin elmi-innovasiya fəaliyyəti ilə bağlı məlumat verərək 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində institutda keçiriləcək “Elektron-tibbin formalaşmasının multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransının təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Bildirdi ki, konfransın məqsədi informasiya texnologiyalarının tibbdə tətbiqinin aktual problemlərinin müzakirəsi, elektron tibb sahəsində dünya təcrübəsinin araşdırılması və elektron tibbin formalaşmasının nəzəri və tətbiqi məsələlərinin tədqiqidir.  

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Elektron tibbin dünyanın ən perspektivli sahələrindən biri olduğunu söyləyən R.Əliquliyev informasiya cəmiyyətinin aparıcı ölkələrinin ən böyük nailiyyətlərinin məhz bu sahə ilə bağlı olduğunu qeyd etdi. Elektron tibbin müxtəlif problemlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmaların aparılmasının vacibliyini vurğulayan alim bu problemlər üzrə dərin və müfəssəl araşdırmaların ölkəmizdə bu sahənin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcəyini söylədi.

Sonda ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.