AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova institutun Elektron Kitabxana Mərkəzinin xidmətlərindən onlayn rejimdə istifadə qaydaları haqqında məruzə ilə çıxış etdi.
Bildirdi ki, mərkəzdə informasiya resurslarının təhlükəsizliyi və dövriyyəsinin təmin olunması, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyalarından, resursların metaverilənlərinin hazırlanması, sifarişlərin idarə olunması və s. məqsədilə “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemindən istifadə olunur. Resursların təsnifatı isə ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
N.İsmayılovanın sözlərinə görə, oxucular qeydiyyatdan keçdikdən sonra kitabxanada onlara oxucu kartı təqdim olunur. Bu kartlar vasitəsilə oxucular “Self Check” aparatından istifadə etməklə kitabxanaçının köməyi olmadan kitabxananın resurslarını əldə edə bilərlər. Həmçinin istənilən resursu sifariş etmək olar ki, bu da oxuculara vaxta qənaət etmək imkanı verir.
Məruzəçi qeyd etdi ki, institutun “www.ict.az” saytının Kitabxana-İnformasiya Xidmətləri bölməsinə klik etməklə Kitabxana Mərkəzinin veb-səhifəsinə daxil olmaq mümkündür. Bu zaman “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin axtarış səhifəsi açılır. Proqramın interfeysinin hələ ki, ingilis, fransız, alman, portuqal, ispan və türk dilləri üçün aktiv olduğunu söyləyən N.İsmayılova bildirdi ki, sadə axtarış bölməsində hər dilə uyğun olaraq müxtəlif bəndlərə görə axtarış vermək olar. Burada resursların adı, müəllifi, çap olunduğu il, kitabxanada mövcud nüsxələrinin sayı, kitabın yerləşdiyi rəf, yəni təsnifat nömrəsi göstərilir. Məsələn, xüsusi ədəbiyyat bölməsində konfrans materialları, dissertasiyalar və s., A bölməsində ümumi nəşrlər – lüğətlər, ensiklopediyalar, dövri nəşrlər yerləşdirilib. ABŞ Konqres Kitabxanasının təsnifat sistemində Q hərfi “Science” bölməsinə uyğun gəldiyindən institutun informasiya resurslarının əksəriyyətini bu bölmədən əldə etmək mümkündür.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim informasiya resurslarının çap variantından elektron versiyaya keçidin onların təhlükəsizliyi və dövriyyəsinin təmin olunması, eləcə də vaxt itkisinin qarşısının alınması baxımından vacib olduğunu nəzərə çatdırdı.
R.Əliquliyev Elektron Kitabxana Mərkəzində müəyyən müddət ərzində elektron kitabxanadan istifadə haqqında statistik hesabatın və şöbələr, fərdlər, kitablar üzrə reytinq cədvəlinin hazırlanmasının kitabxana fəallığının, həmçinin elmi fəaliyyətin qiymətləndirilməsində mühüm rol oynayacağını qeyd etdi. Elmmetriyanın əsas göstəriciləri kimi elektron kitabxananın idarə olunması, texnoloji problemləri, informasiya təminatı və digər məsələlərə diqqət yetirməyin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.