Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub

04 Fevral 2016 - 15:46 | Texnoloji yeniliklər
Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub

Britaniya neyrocərrahları epilepsiya xəstəliyindən əziyyət çəkən yeniyetməni əməliyyat etmək üçün robotdan istifadə ediblər. İlk dəfə bu məqsədlə hazırlanmış proqram xəstənin beyninin zədələnmiş hissələrinə çatmağa imkan verən naviqasiya sistemi qurub.

news.rambler.ru saytının məlumatına görə, 15 yaşlı Bill Uaytaker 7 ildir ki, epileptik tutmalardan əziyyət çəkirdi. Beyin toxumalarının kəsilib götürülməsi üzrə aparılan adi əməliyyatlar uğursuzluqla nəticələnib. Bu dəfə isə neyrocərrahlar beyinin dərinliyinə elektrodlar yerləşdirmək üçün 350 min funt-sterlinq dəyərində robotdan istifadə ediblər.

“Biz beyinin epilepsiya mənbələri olan hissələrinə mikroskopik dəqiqliklə bir neçə elektrod yerləşdirmək üçün robotdan istifadə etdik”, – neyrocərrah-məsləhətçi Maykl Karter deyib. Onun sözlərinə görə, elektrodlardan biri toxumanın zədələnmiş hissəsini çox yaxşı göstərib ki, nəticədə də həmin hissə kəsilərək götürülüb.

Həkimlərin sözlərinə görə, Billin tam sağalması üçün müəyyən zaman tələb olunur. Bununla belə, yeniyetmədə artıq epileptik tutmalar baş vermir.

Qeyd edək ki, əməliyyatda tətbiq edilən oxşar robotlardan avtomobil zavodlarında istifadə olunur.