Yaponiyada şübhəli şəxslərin 3D-şəkilləri hazırlanacaq

29 Yanvar 2016 - 16:40 | Maraqlı məlumatlar
Yaponiyada şübhəli şəxslərin 3D-şəkilləri hazırlanacaq

Sifətin tanınması texnologiyasının hüquq mühafizə orqanlarının işində tətbiqi genişlənir. Şəkil və videosiqnal skan edilərək insan sifətinin cizgiləri fərqləndirilir, daha sonra məlumat bazasındakı nümunələrlə müqayisə edilir.

hi-news.ru saytının məlumatına görə, Tokio şəhərinin polis departamentinin mütəxəssisləri cari ilin aprelindən həbs edilmiş şübhəli şəxslərin 3D-şəkillərini hazırlayacaq.

Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, 3D-fotoşəkil müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərdə cinayətkarı daha sürətli və effektiv tanımağa imkan verəcək. Bununla yanaşı, insanın sifətini qismən örtən obyektlər onun tanınmasına mane olmayacaq.

3D-kameralar bütün region üzrə “102” polis bölməsində quraşdırılacaq və çəkilmiş sifət cizgiləri mərkəzi polis departamentinin məlumat bazasında saxlanılacaq.