Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyalar tanınmış beynəlxalq reytinqlərdə konkret rəqəmlərlə təsdiq olunur. Belə ki, cari ildə “Elsevier” nəşriyyatının “SCOPUS” verilənlər bazası Azərbaycan Respublikası, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üzrə 1962-2016-cı illəri əhatə edən rəsmi hesabatını dərc etdirib.
Hesabatda “SCOPUS”da əks olunan əsərlərin növünə görə, elm sahələri üzrə paylanması qrafikləri təsvir olunub. AMEA üzrə müəlliflərin reytinq cədvəli, ən çox istinad olunan məqalələrin siyahısı göstərilib.
Nüfuzlu beynəlxalq informasiya bazasında AMEA üzrə ən məhsuldar alimlərin siyahısında ilk pillədə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qərarlaşıb.
Qeyd edək ki, “Elsevier”də elmin müxtəlif 33 istiqaməti üzrə 2500 addan çox jurnal və 33 mindən çox kitab dərc olunur.
“SCOPUS” elmi jurnal, kitab və konfrans materialları kimi ədəbiyyatın toplandığı dünyanın ən böyük xülasə və istinad bazasıdır. Buradan elm, texnologiya, tibb, sosial elmlər, incəsənət və humanitar elmlər üzrə dünyada aparılan tədqiqatların nəticələrini izləmək, təhlil etmək və araşdırmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.