Dissertasiya Şurasının seminarında iki dissertasiya işi müzakirə olundu

14 Fevral 2014 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda FD 01.231 Dissertasiya Şurasının seminarı keçirildi. Texnika elmləri doktoru, professorMəsumə Məmmədovanın sədrliyi və texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi katibliyi ilə keçirilən tədbir 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur. 

Öncə Nigar İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarınn tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiyanı təqdim edərək işin aktuallığını, məqsədini, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. 

Bildirdi ki, dissertasiya işində mövcud mənsubiyyət funksiyaları siniflərini ümumiləşdirən splayn-funksiya prinsipi əsasında qurulmuş, birinci tərtib kəsilməz törəməyə malik, parametrik mənsubiyyət funksiyalar sinfi təklif və tədqiq olunmuşdur. Ekspert verilənləri əsasında qeyri-səlis çoxluqlar üçün hamar sinifdən olan mənsubiyyət funksiyalarının təyin olunması məqsədilə interpolyasiya və approksimasiya məsələləri həll olunmuşdur. 

Qeyd etdi ki, Azərbaycan dilində çap əlyazma simvollarının tanınması üçün müxtəlif mənsubiyyət funksiyalarından ibarət neyro-fazi şəbəkə tərtib olunmuş və alınan nəticələr təhlil olunmuşdur. 

“Simsiz ad hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verən iddiaçı Seyidhüseyn Hüseyninijadgazani işin aktuallığı, məqsədi, elmi yeniliyi, tədqiq olunan məsələlər, tədqiqat üsulları və praktiki əhəmiyyəti barədə danışdı. 

Bildirdi ki, əsas məqsəd QoS-un dəstəkləməsi üçün müxtəlif informasiya paketlərinin növlərini təyin edib, növlərindən asılı olaraq onlara xidmət göstərəcək yeni və optimal alqoritmin işlənib hazırlanmasıdır. 

İddiaçı ad hoc şəbəkələrinin ənənəvi simsiz və sensor şəbəkələrə görə araşdırıldığını, bu şəbəkələrdə QoS-u dəstəkləyən platformaların və alqoritmlərin təhlil olunduğunu qeyd etdi. Ad hoc şəbəkələrinin effektivliyinin qimətləndirilməsi üçün qeyri-səlis modelin işlənildiyini, QoS-un qiymətləndirilməsi üçün intellektual metodun hazırlandığını və əldə olunmuş nəticələrin yoxlanılması üçün eksperimental işlərin aparıldığını diqqətə çatdırdı. 

Sonra iddiaçılar çoxsaylı sualları cavablandırdılar. 

Hər iki mövzuya dair rəylər nəzərə çatdırıldı, iddiaçılara irad və təkliflər bildirildi. 

Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Ramiz Alıquliyev, Məsumə Məmmədova, İsmayıl İsmayılovFamil Məmmədov, professor Bayram İbrahimov texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, professor Xanbaba Bayramov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev və digərləri dissertasiya işlərinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirdilər. Dissertasiya işlərində əsaslı tədqiqat aparıldığını, qarşıya qoyulmuş məsələlərin tamamilə həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Hər iki elmi işin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər. 

Sonda səsvermə keçirildi və Dissertasiya Şurası seminarının üzvləri tərəfindən dissertasiya işlərinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyyə olundu.