AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2016-cı il üçün fəaliyyət planı müzakirə olundu. İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iş planını təqdim edərək bildirdi ki, rəhbərlik etdiyi şöbədə cari ildə informasiya və bilik iqtisadiyyatının formalaşması problemləri üzrə elmi-tədqiqatlar davam etdiriləcək. Bu məqsədlə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri, informasiya və bilik iqtisadiyyatını xarakterizə edən göstəricilər sisteminin işlənilməsi, informasiya və bilik iqtisadiyyatının inteqrativ alt indekslərinin hesablanması, informasiya cəmiyyəti şəraitində yaşıl iqtisadiyyata keçid və onun formalaşma səviyyəsini xarakterizə edən göstəricilər və indekslər sisteminin işlənilməsi istiqamətində araşdırmalar aparılacaq.
Ə.Əliyevin sözlərinə görə, cari ildə həmçinin texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üçün model və mexanizmlərin işlənilməsi, texnoparkların fəaliyyətinin təşkilində innovativ layihələrin idarə olunması problemlərinin təhlili, texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə makro göstəricilər sisteminin işlənilməsi, texnoparkların fəaliyyətinin səmərəlilik indeksi əsasında müqayisəli qiymətləndirilməsi metodikasının işlənilməsi nəzərdə tutulur.
Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı üzrə iqtisadi modellərin işlənilməsi”, AR Prezidenti yanında Bilik Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı” mövzusunda qrant layihələrin təqdim olunmasının planlaşdırıldığını bildirdi. Qeyd etdi ki, bəzi təşkilat və müəssisələrlə institutun innovativ fəaliyyəti ilə bağlı birgə layihələrin həyata keçirilməsi, müvafiq fond və təşkilatlara bilik və innovasiya iqtisadiyyatının elmi-nəzəri əsaslarının formalaşması məsələləri ilə əlaqədar qrant layihələrin təqdimatı üzrə işlər davam etdiriləcək.
Şöbə müdiri, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər haqqında məlumat verdi.
Ə.Əliyev bildirdi ki, Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya MEA-nın İqtisadiyyat İnstitutu və müvafiq təşkilatlarla beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər davam etdiriləcək.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. İnformasiya və bilik iqtisadiyyatının, o cümlədən texnoparkların fəaliyyətinin elmi-nəzəri əsaslarının dərindən araşdırılması, bu sahələr üzrə beynəlxalq təcrübənin tədqiqi, dünyanın aparıcı universitetlərinin tədris proqramlarının öyrənilməsinin vacibliyini qeyd etdi.
Sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.