E-dövlət üçün effektiv audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyası hazırlanacaq

15 Yanvar 2016 - 15:00 | Konfranslar, İclaslar
E-dövlət üçün effektiv audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyası hazırlanacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2016-cı il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirdi ki, rəhbərlik etdiyi şöbədə cari ildə audio-video informasiya texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar davam etdiriləcək. Bu məqsədlə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə audio-video verilənlərin emalı metod və alqoritmlərinin işlənməsi, audio-video axınların və arxiv verilənlərinin emalına Big Data texnologiyalarının tətbiqi problemlərinin analizi, call-center və contact-centerlərin audiobaza verilənlərinin analitik emalı alqoritmlərinin işlənməsi üzrə araşdırmalar aparılacaq.

Şöbə müdiri qeyd etdi ki, Azərbaycanda e-tullantıların idarə edilməsi konsepsiyasının tərkib hissələri kimi bu sahədə ölkə qanunvericiliyinin və emal infrastrukturunun mövcud vəziyyətinin monitorinqinin aparılması, nəticələrin analizi üzrə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Cari ildə də elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbənin yeni qrant layihələri müsabiqələrində iştirakı və beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və coğrafiyasının genişləndirilməsi planlaşdırılır.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planının layihəsi ilə bağlı fikirlərini bildirdi. Audio-video informasiya texnologiyaları istiqamətinin müxtəlif mövzuları üzrə aparılmış tədqiqat nəticələrinə əsaslanaraq respublikada yaradılmaqda olan e-dövlət üçün effektiv audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyasının işlənməsi, eləcə də ölkədə e-tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi üzrə aparılan tədqiqat işlərini sürətləndirərək nəticələrin yekunlaşdırılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Şöbənin elmi-pedaqoji fəaliyyəti, kadr potensialı və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.