Akademik Rasim Əliquliyevin Azərbaycanın ilk veb-saytı www.science.az-ın yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində Çıxış nitqi

17 Dekabr 2015 - 16:58 | Mühüm hadisələr
Akademik Rasim Əliquliyevin Azərbaycanın ilk veb-saytı www.science.az-ın yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində Çıxış nitqi

– Hörmətli tədbir iştirakçıları!

Minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu dövründə elmi-texniki sahədə tərəqqi İnternet-medianın meydana çıxmasına, vətəndaş jurnalistikasının vüsət almasına zəmin yaratdı. Cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsində ənənəvi kütləvi informasiya vasitələri ilə yanaşı elektron media da mühüm rol oynamağa başladı. Onlayn informasiya vasitələri artıq insanların daha çox müraciət etdiyi və getdikcə populyarlıq qazanan informasiya mənbələrindən birinə çevrildi.

Müstəqilliyinin bərpasının cəmi 24 illik tarixi olan Azərbaycanda elektron-KİV hazırda özünün inkişaf mərhələsini yaşayır. İnformasiya cəmiyyəti tələblərinin bərqərar olduğu, dünyanın elektron-informasiya məkanına inteqrasiya edən ölkəmizdə informasiya resurslarının sayı durmadan artmaqdadır. Hazırda siyasi, iqtisadi, sosial, mədəni, elm və digər sahələri əhatə edən yüzlərlə aktiv portal, xəbər saytı və İnternet informasiya resursu mövcuddur.

Azərbaycanda İnternet-medianın ilk nümunələri 90-cı illərdə meydana gəlməyə başlayıb. Daha dəqiq desək, yeni medianın inkişafı əsasən 1995-1996-сı illərə təsadüf edir. Belə ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsası qoyuldu. Türkiyənin Bilkənt Universiteti və Böyük Britaniyanın “Britiş Petroleum” (bp) şirkətinin dəstəyi ilə ilk dəfə olaraq AMEA-da İnternetin Azərbaycan qovşaqları və onların daxili şəbəkə infrastrukturu yaradıldı. Ölkənin ilk dəfə İnternetə çıxışı 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildi. Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı. Ümumdünya hörümçək torunun misilsiz imkanları media dünyasında köklü dəyişikliklərə səbəb oldu. İnternet təkcə yeni KİV yaratmadı, həm də ənənəvi KİV-i dəyişməyə sövq etdi və KİV-in mühüm kommunikasiya vasitəsinə çevrildi.

Ölkədə ilk veb-sayt 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradıldı. Həmin dövrdə AMEA-nın www.ab.az rəsmi saytının yaradılması “Əkinçi” qəzeti, televiziya və radiodan sonra daha bir tarixi mərhələnin əsasını qoydu. Beləliklə, AMEA-nın rəsmi veb-portalı olan science.az ölkənin mətbuat tarixinə adını ilk veb-sayt kimi yazdırdı. Milli mətbuatımızın bünövrəsini “Əkinçi” qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk İnternet-jurnalistika məktəbidir.  

Bu il Azərbaycan mətbuat tarixində xüsusi yeri olan science.az saytının 20 yaşı tamam olur. Veb-portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.  AMEA və bütövlükdə respublikanın elmi-ictimai mühitində baş verən hadisələr portalın əməkdaşları tərəfindən operativ əldə edilərək ölkə ictimaiyyətinə çatdırılır. science.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən,  akademiyanın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan dəyərli və etibarlı informasiya mənbəyidir. Meqaportal AMEA Rəyasət Heyəti aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri və fəxri üzvləri, həqiqi və müxbir üzvləri, elmlər və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, əsərləri haqqında məlumatları əks etdirən və güclü axtarış imkanlarına malik informasiya sistemidir. Portalda həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilib.

Elm məbədinin rəsmi informasiya resursu özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Veb-resurs istismara verildiyi gündən indiyədək veb-oxucular tərəfindən maraqla izlənilir. Saytda yerləşdirilən informasiyadan müxtəlif dövlət qurumları, idarə və təşkilatlar, o cümlədən xəbər agentlikləri və saytları operativ olaraq istifadə edirlər. Portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60 000-dən çox foto-, audio- və videomaterial toplanılıb. Azərbaycan elminin tarixi salnaməsinə çevrilən bu multimedia materialları “nə”, “harada”, “nə vaxt” məlumatları ilə indeksləşdirilərək, verilənlər bazasına daxil edilir, AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılır və istifadəçilərə korporativ xidmətlər göstərilir.

www.science.az-ın sosial şəbəkələrdə də təbliğatı fəal şəkildə aparılır. Portalın “Facebook” və “Twitter” səhifələri mövcuddur.

www.science.az portalının inkişaf mərhələlərinə gəlincə, bu mərhələ 3 dövrü – I mərhələ 1995-2003-cü illəri, II mərhələ 2003-2015-ci illəri və III mərhələ 2015-ci il və ondan sonrakı dövrü əhatə edir. Sayt veb-texnologiyaların müasir inkişaf səviyyəsi nəzərə alınaraq daim təkmilləşdirilir, inkişaf edir. Əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək öz imkanlarını mütəmadi olaraq genişləndirir. AMEA-da islahatlar və struktur dəyişikliklərinin aparılması, akademiyanın yeni korporativ üslubunun işlənilməsi, yeni texnologiyaların meydana gəlməsi, videoqalereya və “ElmTV” İnternet-televiziyasının yaradılması, ən yeni texnologiyalardan istifadə yeni dizayna, zəngin kontentə malik portalın yaradılmasına rəvac vermişdir. Cari ildə innovativ texnologiyalar tətbiq olunmaqla, portal daha da təkmilləşdirilib, yeni versiyası hazırlanaraq istifadəyə verilib.

Qeyd etmək lazımdır ki, portal Azərbaycanda yeni media vasitələrinin inkişafı, yaradıcılıq və yeniliyə dəstək məqsədi daşıyan müxtəlif layihələrdə də iştirak edir. 2005-ci ildə www.science.az portalı “Azerbaijan E-Content Award 2005” müsabiqəsinin “E-elm” nominasiyasi üzrə mükafatına layiq görülüb.

Portalda Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalı öz əksini tapıb. 2 ilə yaxındır ki, fəaliyyət göstərən şəbəkə telekanalı müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirir. “Elm” televiziyası AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbədir. Burada əsas məqsəd elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılmasıdır. Yeni ildən etibarən “ElmTV” İnternet-televiziyasının elmtv.az veb-saytı istismara veriləcək. Veb-telekanalda xəbərlər, xüsusi reportajlar, müsahibələr və s. öz əksini tapacaq, mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımı həyata keçiriləcək. “ElmTV” www.science.az saytının “Xəbərlər” bölməsinə videomateriallarla operativ dəstək verir.

Meqaportal təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, www.science.az həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbidir. Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün “elektron-Əkinçi”sidir.

www.science.az təlim-tədris bazasıdır. Yarandığı gündən sayt respublikanın ali məktəbləri, xüsusən, BDU, AzTU, ADNSU-nun həm İKT profilli, həm də jurnalistika ixtisasları üzrə təhsil alan tələbələrinin təcrübə bazası rolunu oynayır. Belə ki, ölkənin təhsil sistemində ilk dəfə olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutu Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirib. 2008-ci ildən 2012-ci ilədək davam edən bu layihə veb-jurnalistika sahəsində kadr hazırlığında mühüm rol oynayıb. Kurslarda ümumilikdə 300 tələbə iştirak edib.

BDU-nun “Jurnalistika” fakültəsinin tələbələri, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAC-ın əməkdaşlarına İnternet-medianın praktiki əsasları, saytların yaradılması və idarə edilməsi üzrə mühazirə və məşğələ dərsləri keçirilib. 20 il ərzində saytın kollektivi tərəfindən çoxlu sayda veb-proqramçı, veb-dizayner, veb-jurnalist, fotomüxbirlər və s. yetişdirilib. Hazırda onlar ölkənin müxtəlif qurumlarında peşəkar mütəxəssis kimi fəaliyyət göstərirlər.

Bu 20 il ərzində funksional xüsusiyyətləri və imkanlarına görə www.science.az saytı inkişaf edərək ölkəmizdə uğurla formalaşan e-elm infrastrukturunun əsas portalına çevrilib. AMEA Rəyasət Heyətinin qərarı ilə Elmlər Akademiyasının bütün qurumlarının veb-saytları AzScienceNet şəbəkəsinin DATA Mərkəzində yerləşdirilir və təhlükəsizliyi təmin olunur. Bu da www.science.az və digər təşkilatların veb-saytlarının parametrlərinin vahid siyasət çərçivəsində statistikasının aparılmasına, həmin saytlarda toplanmış log-faylların web-mining texnologiyalarının köməyi ilə müxtəlif aspektlər üzrə intellektual təhlilinə imkan verəcək. Bu imkanlardan istifadə etməklə alimlərin və elmi kollektivlərin fəaliyyətinin müntəzəm olaraq elmmetrik və vebometrik tədqiqatlar əsasında qiymətləndirilməsi mümkün olacaq. 20 il ərzində www.science.az saytı  AzScienceNet şəbəkəsinin funksional imkanları və İnternetə çıxış sürətinin artması ilə inkişaf etmişdir. AzScienceNet şəbəkəsinin Avropa Birliyinin çətiri altında fəaliyyət göstərən GEANT Assosiasiyasında ölkəmizi təmsil etməklə, 2016-cı ildən Avropanın elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxışı planlaşdırılıb. Bu da, şübhəsiz ki, respublikanın elm və təhsil ictimaiyyəti üçün böyük imkanlar yaratmaqla, eyni zamanda www.science.az portalının inkişafı üçün geniş perspektivlər açacaq.

Tam əminliklə demək olar ki, Azərbaycanda İnternet-medianın bugünkü inkişaf səviyyəsində Milli Elmlər Akademiyasının science.az veb-saytının xidmətləri danılmazdır. Elmi fəaliyyətin informasiya təminatının təmin edilməsi, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayan bu media orqanının Azərbaycanın informasiya məkanında xüsusi yeri var. Veb-sayt fəaliyyəti dövründə ölkənin elmi-ictimai həyatının bütün sahələrinə nüfuz etməyi bacarıb, bu illər ərzində oxucularının rəğbətini qazana bilib.

science.az ailəsinin hər bir üzvünü 20 illik yubiley münasibətilə təbrik edirəm. Fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətində uğurlar diləyirəm.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.