Hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlər işlənib

20 Noyabr 2015 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən illik hesabat iclasında institutun  texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2015-ci il üçün hesabatını təqdim edib. Cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərindən danışan R.Ələkbərov kompüter şəbəkələrində “Cloud Computing” texnologiyalarından  istifadənin elmi-nəzəri problemlərinin araşdırıldığını, kompüter şəbəkələrinin verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənildiyini diqqətə çatdırıb. Bildirib ki, müxtəlif mühitlər üçün bulud texnologiyalarının sintezi aparılıb, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanları araşdırılıb və bulud texnologiyalarının elektron kitabxanalarda tətbiqi ilə bağlı tədqiqatlar aparılıb.

AzScienceNet şəbəkəsi infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verən R.Ələkbərov AzScienceNet-də yeni xidmətlərin yaradıldığını, şəbəkənin və Data Mərkəzin texniki imkanlarının artırıldığını, o cümlədən AMEA-nın Əsas binası, Rəyasət Heyəti Aparatı və Naxçıvan Bölməsində kompüter təminatı, şəbəkə-kommunikasiya  infrastrukturunun yenidən qurulduğunu söyləyib. AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulması istiqamətində görülən işləri nəzərə çatdırıb.

AzScienceNet şəbəkəsinin yeni xidmətlərindən söz açan şöbə müdiri AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edildiyini, “Elm TV” İnternet televiziyasının daxili monitorlar şəbəkəsinin yaradıldığını, “İnteraktiv informasiya sistemi”nin işlənilməsi və istismarının təşkili və s. ilə bağlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Akademiya şəhərciyində Wi-Fi sisteminin yaradılması ilə bağlı işlərin tamamlandığını söyləyib.

R.Ələkbərov, həmçinin AzScienceNet-in təqdim etdiyi “Cloud Computing” xidmətlərindən istifadə üçün məqsədyönlü işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Direktor müavini AzScienceNet şəbəkəsinin Data Məkəzində həll edilən məsələlər, hostinq xidmətinin təşkili ilə bağlı görülmüş işlərdən danışıb. AzScienceNet əsasında AMEA-nın operativ məlumatlandırma sistemi haqqında məlumat verərək AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulduğunu və “Qaynar xətt” xidmətinin təşkil olunduğunu söyləyib.

R.Ələkbərov elektron elmin monitorinqi üçün indikatorlar və sorğu formalarının işlənilməsi, “Elektron elmin monitorinqi” informasiya sisteminin yaradılması və sorğu məlumatlarının bazaya daxil edilməsi işlərinin həyata keçirildiyini, elektron sənəd dövriyyəsi sisteminin yaradıldığını, AzScienceNet şəbəkəsində yeni proqram təminatlarının qurulması işlərinın aparıldığını diqqətə çatdırıb.

R.Ələkbərov nüfuzlu jurnallarda dərc olunan məqalələr həmçinin şöbə əməkdaşlarının elmi əsərlərinin elmmetrik göstəricilərini təqdim edərək bu məqalələrə olan istinadlar barədə məlumat verib.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində görülən işlərə də toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi), GEANT Assosasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini bildirib.

Sonra hesabatla bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.