Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammiti ilə bağlı xüsusi nəşr buraxılıb. Xüsusi nəşrdə Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsi dərc olunub. Məqalə “G-20”-nin saytında da yerləşdirilib.
Məqalənin “Şaxələndirilmiş iqtisadiyyat” hissəsində qeyd olunur ki, öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
“Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır”.