AMEA İnformasiya Texnologiyaları İnstitutunda audioinformasiya texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində tədqiqatlar davam etdirilir. Bu haqda institutun illik hesabat iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib. Qeyd edib ki, cari ildə şöbədə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmləri, həmçinin Azərbaycanda e-tullantıların idarə edilməsi konsepsiyası işlənilmişdir.
B.Ağayev şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz quyularında anomal lay təzyiqi zonalarını operativ proqnozlaşdırma informasiya sisteminin və ARDNŞ-də e-tullantıların idarə edilməsi konsepsiyasının da işlənildiyini söyləyib.
Məruzəçi, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması və s. dair həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Sonra çoxsaylı suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.