AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimləri - şöbə müdirləri, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olublar.
R.Alıquliyev “Mətnlər çoxluğunun referatlaşdırılması üçün öz-özünə adaptiv mutasiya və krossover parametrli diferensial təkamül alqoritmi” məqaləsinə görə 1-ci, Y.İmamverdiyev isə “Barmaq izlərinin tekstur deskriptorları əsasında biometrik kriptosistemlərin qurulması” məqaləsinə görə 3-cü yerin qalibi olub.
“Hilton Baku” otelində müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə qaliblərə diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqənin nəticələrinə görə, alim və mütəxəssislər üçün əsas nominasiya üzrə 5, gənc alimlər üçün nominasiya üzrə isə 2 elmi məqalənin qalibləri müəyyənləşdirilmişdir. Əlavə həvəsləndirici nominasiya üzrə 3 məqalə seçilmişdir.