Azərbaycan İnternet İdarəçiliyi Forumunda təmsil olunur

11 Noyabr 2015 - 09:24 | Mühüm hadisələr
Azərbaycan İnternet İdarəçiliyi Forumunda təmsil olunur

Braziliyanın Juan-Pesoa şəhərində 10-cu İnternet İdarəçiliyi Forumu (Internet Governance Forum/IGF) işə başlayıb. igf2015.br saytının məlumatına görə, dünən start götürən və noyabrın 13-dək davam edəcək tədbir çərçivəsində informasiya cəmiyyəti və internetin idarə edilməsi məsələləri müzakirə ediləcək.

Builki forumun əsas mövzusu "İnternet idarəçiliyinin təkamülü: dayanıqlı inkişaf hüquqları və imkanlar”dır.

IGF 2015-də kibertəhlükəsizlik və etibar, internet iqtisadiyyatı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi, internetdə insan hüquqları və digər məsələlər müzakirə olunacaq.

Beynəlxalq Forumda ölkəmizi Azərbaycan Prezident administrasiyası yanında ictimai-siyasi məsələlər üzrə şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanova təmsil edəcək. Tədbirdə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP)  Bakı ofisinin əməkdaşları və IGF-in yerli nümayəndəsi iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan 2012-ci ilin 6-9 noyabr tarixlərində “Bakutel” sərgi-konfransı çərçivəsində 7-ci İnternet İdarəçiliyi Forumuna ev sahibliyi edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.