“İnformasiya-kommunikasiya Texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilib

08 Fevral 2014 - 12:00 | Konfranslar, İclaslar

Fevralın 8-də “Hilton Baku” otelində “İnformasiya-kommunikasiya Texnologiyaları ili”nin yekunlarına və Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib. 

Öncə tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi, həmçinin informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncamları səsləndirilib. 

Sonra “İKT ili”nin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov 2013-cü ildə İKT sahəsində əldə olunan nailiyyətlərdən danışıb. 2013-cü ilin dövlət başçısı tərəfindən “İKT ili” elan edilməsinin əldə edilən nəticələrə önəmli təsir göstərdiyini, bu sahədə layihələrin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayan Ə.Abbasov bunun bariz nümunəsi kimi ötən ilin 8 fevral tarixində ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını qeyd edib. Nazir kosmik sənaye imkanlarına malik ölkələr siyahısında yer alan Azərbaycanın qazandığı nailiyyətlərin qlobal miqyasda diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında ölkəmiz “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmçinin Azərbaycan İnternet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında növbəti dəfə öz liderliyini qoruyub. Nazir qeyd edib ki, Azərbaycan İnternetin əlyetərliyinə görə dünya ölkələri arasında 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir, həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır. 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 8-10 il ərzində İKT sahəsinin 4 dəfə genişləndirilməsi, həmçinin ixrac potensialında bu sahə üzrə məhsul və xidmətlərin artırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Bu müddət ərzində Azərbaycanın böyük bir İKT mərkəzinə çevrilməsi planlaşdırılır. Burada əsasən mühüm tranzit yollarına mənsub olmaq və böyük data-mərkəzlərinin yerləşdirilməsi, qonşu ölkələrə İKT xidmətlərinin verilməsi nəzərdə tutulur” – bildirən Ə.Abbasov qarşıdakı 3 il ərzində Azərbaycanın kənd yerlərində 30 meqabitədək, şəhər yerlərində isə 100 meqabitdən çox olmaqla İnternetin sürətini təmin etmək və əhalinin bu xidmətdən yararlanma sıxlığını 85 faizə çatdırmağın əsas hədəflərdən olduğunu söyləyib. 

Yeni radio-televiziya, telekommunikasiya şəbəkələrinin, o cümlədən müasir mobil texnologiyalarının tətbiqi ilə 2020-ci ilədək Azərbaycanın bu sahədə inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırlması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayıb. Nazir bildirib ki, ölkə əhalisinin elektron xidmətlərdən istifadə səviyyəsinin 100 faizə qaldırılması, kibertəhlükəsizliyin gücləndirilməsi, elektron kontent, elektron kommersiya, e-bankçılıq, elektron elmin inkişaf etdirilməsi və s. istiqamətlər də sahə üzrə müəyyənləşən əsas hədəflərə daxildir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün innovativ təfəkkürlü kadr potensialının gücündən istifadə etməyin zəruriliyini vurğulayan akademik Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin bu sahədə apardıqları işlərin böyük ümidlər doğurduğunu diqqətə çatdırıb. 

“İnformasiya-kommunikasiya Texnologiyaları ili”ndə Milli Elmlər Akademiyasının üzərinə düşən vəzifələrdən, aparılan işlərdən danışan AMEA prezidenti, akademikAkif Əlizadə İKT ili ilə bağlı Tədbirlər planı üzrə AMEA-nın Fəaliyyət planının hazırlandığını, bu plan çərçivəsində həyata keçirilən kompleks tədbirlər haqqında məlumat verib. A.Əlizadə akademiyanın kompüter şəbəkəsi olan AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də dəstəyi ilə AMEA-nın institut və təşkilatlarının 90%-inin lokal kompüter şəbəkələrinin fiber-optik xətlər vasitəsilə İnternetə qoşulduğunu nəzərə çatdırıb” Nəticədə Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının, alimlərin İnternet trafikinə olan tələbatı təxminən 3 dəfə artmışdır. Bundan əlavə, institut və təşkilatlarda Wi-Fi (VayFay) zonaları yaradılmış, AzScienceNet şəbəkəsində yeni İnternet xidmətləri istifadəyə verilmişdir”. 

Akademiyanın Rəyasət Heyətinin informasiyalaşdırılması istiqamətində də zəruri tədbirlərin görüldüyünü söyləyən akademik Mərkəzi Aparatın kommunikasiya-şəbəkə infrastrukturu, struktur bölmələrinin fəaliyyətinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulduğunu, onlayn informasiya resurslarının yaradıldığını qeyd edib. A.Əlizadənin sözlərinə görə, akademiyanın science.az portalına olan müraciətlərin sayı il ərzində əvvəlki ilə nisbətən 2 dəfə artaraq bir milyonu ötmüşdür. AMEA prezidenti bu yaxınlarda ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, regionda ən qabaqcıl kitabxanalardan olacaq Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzinin də fəaliyyətə başlayacağını söyləyib. 

Akademik Akif Əlizadə AMEA-da Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafı istiqamətində görülən tədbirlərdən də söhbət açıb. O, xüsusi olaraq “Wikipedia” ensiklopediyasının imkanlarını qeyd edərək Azərbaycan həqiqətlərinin təbliğində bu resursun böyük potensial imkanlara malik olduğunu bildirib: “AMEA-nın institutlarında viki-qruplar təşkil olunur ki, bu da ölkəmizlə bağlı mühüm əhəmiyyət kəsb edən məqalələrin, kitabların və digər məlumatların həmin ensiklopediyada öz əksini tapmasına əsaslı təsir edəcək. Bununla yanaşı, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək məqsədilə müvafiq elmi araşdırmalar aparılır, monitorinqlər keçirilir”. 

A.Əlizadə Milli Elmlər Akademiyasında aparılan islahatların, görülən işlərin “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşmasına təkan verdiyini qeyd edib. O, e-elmin formalaşması istiqamətində çoxlu sayda problemlərin mövcud olduğunu da vurğulayaraq bildirib ki, bu problemlərdən biri də Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən, çox əhəmiyyətli elektron elmi informasiya resurslarının yaradılması və İnternet mühitində istifadəsinin təmin edilməsidir: “70 ilə yaxın müddət ərzində alimlərimizin Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, flora və faunası, genetik fondu və digər elmi istiqamətlər üzrə apardıqları tədqiqatlar nəticəsində əldə olunmuş məlumatları İnternet mühitində yerləşdirməklə biz, virtual Azərbaycanın formalaşdırılması və inkişafına dəstək vermiş olarıq”. 

Akademik AMEA-da informasiya cəmiyyətinin formalaşmasının multidistiplinar problemlərinin araşdırıldığını da nəzərə çatdırıb. O, müvafiq elmi qurumların artıq informasiya cəmiyyətinin qloballaşan dünyada yaratdığı sosial, iqtisadi, psixoloji, hüquqi və digər problemlərin həllinə yönəlmiş tədqiqatlar apardığını bildirib. 

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyaraq biliklər cəmiyyətinə transformasiya olunmaqda olduğunu qeyd edən alim elmi-texniki inkişafın əsasını təşkil edən elmi parkların, innovasiya mərkəzlərinin yaradılası, elmi məhsulların istehsalı və dünya bazarına çıxarılmasının AMEA-nın əsas hədəflərindən olduğunu söyləyib. 

A.Əlizadə çıxışının sonunda bildirib ki, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevdirsə, yaxın gələcəkdə Azərbaycanda formalaşacaq biliklər cəmiyyətinin memarı, heç şübhəsiz ki, İlham Əliyev olacaqdır. 

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov informasiya cəmiyyətində insan inkişafı indeksləri arasında İKT bacarıqlarının aparıcı amillərdən olduğunu bildirib. Qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında biliklər iqtisadiyyatına keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi planlaşdırılmışdır: “Bu tələb təhsil sisteminin kökündən dəyişdirilməsinə gətirəcək, eyni zamanda, İKT-nin və virtual təhsilin rolunun artırılmasına səbəb olacaq”. 

Təhsil sahəsində İKT-nin tətbiqinin vacibliyindən danışan M.Cabbarov ötən 10 il ərzində bu sferanın informasiyalaşdırılması istiqamətində müəyyən nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, əgər 2004-cü ildə hər 1063 şagirdə 1 kompüter düşürdüsə, hazırda hər 18 şagirdə 1 kompüter nisbəti təmin olunmuş, məktəblərin 37 faizi İnternet şəbəkəsinə qoşulmuşdur: “Bir sıra məktəblərdə “Elektron məktəb” layihəsinin icrasına başlanmışdır. Azərbaycan Təhsil Şəbəkəsinə İnternetin qoşulma sürətinin 1 geqabit saniyədən 10 geqabit saniyəyədək artırılması üçün Məlumat və Resurs Mərkəzi müvafiq avadanlıqla təchiz edilmişdir. 2013-cü ildə bu şəbəkəyə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulmuşdur. Ümumiyyətlə, 2014-cü ilədək şəbəkəyə qoşulmuş 1695 təhsil müəssisəsi İnternetə çıxışla təmin edilmişdir”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev həyata keçirilən İKT əsaslı layihələrdən söz açıb. “İKT ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşməsi üzrə müsabiqələrin keçirildiyini deyən E.Babayev birgə müsabiqədə 29 qalib layihənin müəyyənləşdirildiyini qeyd edib. 

Sonra “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqələrinin qaliblərinə sertifikatlar təqdim edilib. Həmçinin ilk milli peykin layihələndirilməsi, hazırlanması, orbitə buraxılması, istismarı, eyni zamanda “İKT ili” ərzində göstərdikləri xidmətlərə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə bu sahədə çalışan bir sıra əməkdaşlar Fəxri fərmanlarla təltif ediliblər.

Tədbirin sonunda Prezident İlham Əliyevə ünvanlanmış müraciət məktubu oxunub.