London Universitetinin nəzdindəki Qoldsmit kollecinin (Böyük Britaniya) tələbəsi Hadil Ayub işarə dilindən ifadələri tərcümə etməyə imkan verən əlcək hazırlayıb.
“Jestlər dili əlcəyi” (SignLanguageGlove) tərcüməçi-əlcək prototipi Arduino adlı quraşdırılmış mikrokompüterin köməyilə idarə olunur. Əlcəyin hər barmağında onun hərəkətini izləyən sensor quraşdırılıb.
popmech.ru saytının məlumatına görə, idarəedici blok əlcəyin barmaqları və əlin yerdəyişməsini izləyən akselerometrdən daxil olan məlumatları toplayır. Bütün hərəkətlər kompüter tərəfindən qeydə alınır və mövcud məlumat bazasıyla müqayisə edilir. Jestlər əsasında yığılmış mətn ekranda nümayiş etdirilir və ya qurğunun dinamiki vasitəsilə səsləndirilir.
Gələcəkdə əlcəyin Wi-Fi-ın köməyi ilə smartfonlarla sinxronlaşdırılması nəzərdə tutulur. Bu, əlcəyin tərcüməçi-proqramlar vasitəsilə sinxron işini reallaşdırmağa imkan verəcək, işarə dilində danışan insanlara istənilən dildə ünsiyyət imkanı yaradacaq.