Elmi fəaliyyətin bibliometrik analizi aparılıb

14 Oktyabr 2015 - 10:08 | Konfranslar, İclaslar
Elmi fəaliyyətin bibliometrik analizi aparılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının 2014-cü ildəki elmi fəaliyyətinin bibliometrik analizi (bibliometriya – kitab, dövri nəşr və elmi əsərlərin öyrənilməsi üçün riyazi və statistik metodların tətbiqidir) aparılıb.

Bu haqda institutun elmi seminarında sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova məruzə ilə çıxış edib. İnstitut əməkdaşlarının elmi əsərlərinin dillər üzrə statistikası, əsərlərə olan istinadların ölkələr, istiqamətlər üzrə paylanması, elmi əsərlərin növlər üzrə paylanması, 2014-cü ildə “WoS” və “Scopus” bazalarında olan əsərlərin sayı, nəşr olunduğu nüfuzlu jurnallar və konfransları diqqətə çatdırıb.

Elmi əsərlərin dillər üzrə statistikasını təqdim edən məruzəçi 2014-cü il ərzində Azərbaycan, ingilis və rus dillərində nəşr olunan elmi əsərlər haqqında məlumat verib. Onun sözlərinə görə, tədqiqatçıların əsərlərinə əsasən Çin, Hindistan, Avstraliya, Malayziya, Cənubi Koreya alimləri tərəfindən istinad edilib.

2014-cü ildə əməkdaşlar tərəfindən nəşr olunan əsərlərin informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması, informasiya mədəniyyətinin formalaşması, internetin tənzimlənməsi, informasiya təhlükəsizliyinin təmin olunması, virtual məkanda Azərbaycan dilinin tətbiqi, e-dövlətin və e-elmin formalaşması, biometrik texnologiyaların araşdırılması və s. istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin E-kitabxana Mərkəzinin 2015-ci il üzrə illik hesabata hazırlığı,  library.ict.az saytının təkmilləşdirilməsi, şöbədə cari ildə görülən işlər, mərkəzin fəaliyyətinə dair bukletin hazırlanması və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.