Videooyunlara aludəçilik sosial şəbəkələrdən aktiv istifadədən fərqli olaraq orta məktəblərdə buraxılış imtahanlarının nəticələrinə mənfi təsir göstərə bilər. Bu barədə Böyük Britaniyada aparılan tədqiqatın nəticələrindən məlum olub.
Nadir hallarda videooyun azarkeşi olan yeniyetmələrin təxminən 77 faizi 5 fəndən verilən imtahanda "A”, “B” və ya “C” qiymət alıb. Gündə ən azı iki dəfə videooyun oynayanların yalnız 41 faizi imtahanda uğurlu nəticə qazanıb. Tədqiqat müəllifləri sosial şəbəkələrə videooyunlardan fərqli olaraq daha çox diqqət yetirsələr də, aktiv sosial şəbəkə istifadəçilərinin imtahan nəticələrində əhəmiyyətli fərq qeydə alınmayıb.
Tədqiqat Milli Uşaq Bürosu tərəfindən Şimali İrlandiya məktəblərində aparılıb. Həmçinin məlum olub ki, 10 şagirddən dördü buraxılış ilində internetdə 4 saat və ya daha çox vaxt keçirir. Bununla yanaşı, imtahanlarda ən yaxşı nəticəni kompüterdən hər gün iş üçün 3 saat istifadə edərək ev tapşırıqlarını hazırlayan şagirdlər göstərib.
vesti.ru saytının məlumatına görə, evdə internetə çıxış imkanı olmayan şagirdlərin imtahanlara hazırlıq səviyyəsi bu imkanlardan yararlana bilənlərdən daha aşağı olub. Onların yalnız 29 faizi beş imtahanda “C” qiymət alıb. Evdə Wi-Fi-a çıxışı olanların 68 faizi isə imtahanı uğurla verib.
Tədqiqatçıların qənaətinə görə, müəllimlər evə tapşırıq verən zaman daha çox hazırlaşmaq üçün fərdi kompüter və internetdən istifadəni tələb edən çalışmalara üstünlük verməlidirlər. Qeyd olunur ki, yeniyetmələr bəzən müasir texnologiyalarda özlərini “ekspert” hesab etsələr də, valideynlər və müəllimlərin vəzifəsi onlara düzgün “rəqəmsal vərdişlər”i formalaşdırmağa kömək etməkdən ibarətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.