İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev bu barədə məlumat verib. O, şöbənin cari il üçün fəaliyyət planını təqdim edərək öncə elmi-tədqiqat işlərini diqqətə çatdırıb. E-dövlət mühitində fərdi məlumatların intellektual analizi ilə bağlı mövcud tədqiqatların təhlili, fərdi məlumatlar əsasında intellektual analizin ümumi strukturunun müəyyənləşdirilməsi, fərdi məlumatlar fəzasının formalaşması prinsipləri ilə bağlı araşdırmaların aparılacağını bildirib. Qeyd edib ki, bu tədqiqat işləri çərçivəsində qrant layihələrinin hazırlanması da nəzərdə tutulur.
Şöbənin beynəlxalq əlaqələri ilə bağlı məlumat verən V.Musayev Koreyanın müvafiq qurumları ilə birgə layihələrdə iştirak, Big Data sahəsində əməkdaşlığın təşkili və inkişafı, IEEE təşkilatına fərdi üzvlük və beynəlxalq jurnallarla əməkdaşlıq sahəsində görüləcək işlərdən söz açıb.
Məruzəçi, həmçinin respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, müxtəlif elmi nəşrlərin hazırlanması, “Horizon-2020 proqram”ı çərçivəsində müxtəlif layihələrdə iştirak və digər məsələlərlə bağlı perspektiv işləri diqqətə çatdırıb.
Qeyd edib ki, il ərzində fərdi məlumatlar: təyinatı, təsnifatı, saxlanması, emal və təhlükəsizlik məsələləri, fərdi məlumatların intellektual analizi ilə bağlı mövcud tədqiqatların təhlili, fərdi məlumatlar və “Big Data” texnologiyaları, fərdi məlumatlar əsasında sosial şəbəkə analizi və s. mövzularda şöbədaxili seminarların keçirilməsi nəzərdə tutulur.
Təklif və iradları nəzərə almaqla şöbənin fəaliyyət planı qəbul olunub.