İnternetdə hüquq pozuntularına görə əks-tədbirlər Baş Prokurorluqda müzakirə olunub

08 Sentyabr 2015 - 12:09 | Maraqlı məlumatlar
İnternetdə hüquq pozuntularına görə əks-tədbirlər  Baş Prokurorluqda müzakirə olunub

Rusiyanın Baş Prokurorluğunda qadağan olunmuş informasiyanın KİV və İnternetdə yayılmasına görə əks-tədbirlərin görülməsinə həsr olunmuş iclas keçirilib. Tədbirdə əsas diqqət dərman preparatlarının distant satışının və qumar oyunlarının (İnternet-kazino) həyata keçirildiyi İnternet resurslarına yönəlib.

İclasda İnternet şəbəkəsində intihara cəhd üsulları və intihara çağırış haqqında informasiyaya çıxışın məhdudlaşdırılması üzrə aparılan işlərin nəticələrinə də baxılıb. İştirakçılar İnternetdə hüquqa zidd informasiyanın həcminin artdığını qeyd ediblər. Belə ki, 2014-cü ilin birinci yarısında məhkəməyə informasiyanın qadağan edildiyinin təsdiqinə dair 400 iddia göndərilmişdir. 2015-ci ilin birinci yarısında isə bu kimi iddia ərizələrinin sayı 18 mini keçmişdir.

lenta.ru saytının məlumatına görə, iclasın yekununda əsasən də mövcud qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş bir sıra tədbirlər hazırlanıb.  

İşçi qrupunun iclasında Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə nazirliyi, Səhiyyə Nazirliyi, İstehlakçı hüquqlarının qorunmasına nəzarət üzrə Federal Xidmət, Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmət, Səhiyyə sahəsinə nəzarət üzrə Federal Xidmət, Federal Təhlükəsizlik Xidməti və Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin nümayəndələri iştirak ediblər.