“5G” qurğusunun ilk prototipi hazırlanıb

01 Sentyabr 2015 - 09:38 | Maraqlı məlumatlar
“5G” qurğusunun ilk prototipi hazırlanıb

İsveçin “Ericsson” şirkəti “5G” yüksəksürətli mobil rabitə standartını dəstəkləyən qurğunun ilk prototipini hazırlayaraq onun  Pleyno (ABŞ) şəhərində və Stokholmda (İsveç) sınaqlarına başlayıb. 

hitech.newsru.com saytının məlumatına görə, sınaqlar zamanı qurğu məlumatları 2 Qbit/saniyə sürətində ötürməyə nail olub ki, bu da müasir “4G” rabitə standartının imkanlarını on dəfə üstələyir. Yeni qurğunun prototipinin çəkisi ağır olduğundan onun tezliklə tətbiq edilməsi barədə danışmaq hələ ki tezdir.

Lakin şirkət nümayəndələrinin sözlərinə görə, qurğunun prototipinin sınaqları başa çatdıqdan sonra tezliklə onun kompakt analoqlarını yaratmaq mümkün olacaq. Bununla yanaşı, yeni standart üçün sonradan lazımi infrastrukturun qurulması tələb olunacaq ki, bu məsələ ilə rabitə operatorları məşğul olacaq.

Qeyd edək ki, “5G” texnologiyalarının hazırlanması ilə digər telekommunikasiya şirkətləri də məşğuldur. “Samsung” şirkəti ötən ilin oktyabrında “5G” şəbəkəsinin sınaqlarını keçirib. Məlumatların ötürülmə sürəti qəbuledici və ötürücü işlək vəziyyətdə olmayan zaman 7,5 Qbit/saniyə (940 Mb/saniyə) təşkil edib.

Proqnozlara görə, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq.